ABŞ Federal Təhqiqat Bürosu (FBI) banklar və iri korporasiyalar üçün süni intellekt əsaslı yeni fırıldaqçılıq riskləri ilə bağlı xəbərdarlıq yayıb. Bildirilir ki, cinayətkarlar generativ AI texnologiyalarından istifadə edərək şirkət rəhbərlərinin səsini və görüntüsünü təqlid edir və bu yolla maliyyə əməliyyatlarını manipulyasiya edirlər.
Məlumata görə, bu üsulla saxta “təcili pul köçürməsi” əmrləri hazırlanır və bank əməkdaşları aldadılaraq böyük məbləğlərin köçürülməsinə razı salınır. FBI-nın hesabatında qeyd olunur ki, belə cinayətlərin sayı son 6 ay ərzində 300 faiz artıb.
Araşdırmalar göstərir ki, deepfake texnologiyası ilə yaradılan səs klonları getdikcə daha real görünür və ənənəvi təhlükəsizlik sistemlərini aşmaq qabiliyyətinə malik olur.
Bu vəziyyət bank sektorunda ciddi narahatlıq yaradıb.
Artan risklər fonunda bir çox beynəlxalq maliyyə qurumu biometrik səs identifikasiyası sistemlərindən imtina etməyə başlayıb. Onların əvəzinə daha güclü çoxmərhələli autentifikasiya və əlavə təsdiqləmə prosedurları tətbiq olunur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, süni intellekt vasitəsilə səs və görüntünün kopyalanması (deepfake), kiberdələduzluğun ən təhlükəli mərhələsinə keçid etdiyimizi göstərir:
“Bu texnoloji tələdən qorunmaq üçün ən effektiv üsul rəqəmsal şübhəçilik və ailədaxili "təhlükəsizlik kodları" yaratmaqdır. Yaxın biriniz səsli və ya görüntülü zənglə təcili pul istədikdə, ilk növbədə emosiyaya qapılmadan zəngin reallığını yoxlamaq lazımdır. Görüntülü zəng zamanı qarşı tərəfdən üzünü sağa-sola çevirməsini və ya əlini üzünün qarşısından keçirməsini istəyin; süni intellekt alqoritmləri bu cür ani hərəkətlərdə çox vaxt görüntü qırılmaları və vizual xətalar verir.
Daha qəti həll yolu isə ailə üzvləri və yaxın dostlarla yalnız sizin aranızda bilinən "parol" və ya sual müəyyən etməkdir.
Heç bir kənar şəxsin bilə bilməyəcəyi bir xatirə və ya kod sözü soruşmaqla qarşı tərəfin həqiqi şəxs olub-olmadığını dərhal anlamaq olar. Həmçinin, sosial şəbəkələrdə səs və üz cizgilərinizin olduğu videoların gizlilik tənzimləmələrinə diqqət yetirməli, tanımadığınız nömrələrdən gələn görüntülü zənglərə cavab verməməlisiniz.
Unutmayın ki, rəqəmsal mühitdə səs və görüntü artıq 100% şəxsiyyət sübutu deyil, ona görə də maliyyə məsələlərində hər zaman alternativ rabitə kanalları ilə məlumatı dəqiqləşdirmək ən etibarlı qalxandır”.
Surxay Atakişiyev, Bizim.Media
























































































