SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır

Hazırda oxunan: SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır

608682

Abşeron rayonunun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalar aparılır.

Bizim.Media xəbər verir ki, yoxlamalara xüsusilə Xırdalan, Sumqayıt və ətraf ərazilərdə yerləşən bütün təhsil müəssisələrində başlanılıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdlərin çantalarını və özlərini qadağan olunmuş əşyaların olub-olmaması baxımından yoxlayırlar. Bu əşyalara deşici-kəsici vasitələr, tütün məmulatları və digər təhlükəli predmetlər daxildir.
 

Qəfil yoxlamalar zamanı, əsasən, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar siniflərə daxil olur və dərsdə olan şagirdlərin hər birini fərdi qaydada yoxlayırlar. Qadağan olunmuş əşya aşkarlanan şagirdlər əlavə söhbət üçün kənara aparılır, əşyanın məktəbə necə gətirildiyi araşdırılır. Bununla yanaşı, baş verən hadisə barədə dərhal məktəb rəhbərliyi və valideynlər məlumatlandırılır.


Qeyd olunur ki, artıq bir neçə gündür müəllimlər valideynlərdən uşaqları məktəbə göndərməzdən əvvəl onların çantalarını yoxlamağı xahiş edirlər. Buna səbəb son vaxtlar məktəblərdə yeniyetmələr arasında baş verən insidentlərin artmasıdır.

Belə hadisələrdən biri bir neçə gün əvvəl Bakının 286 nömrəli tam orta məktəbində qeydə alınıb. Bildirilir ki, 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb. Zərərçəkənə ilkin yardım göstərildikdən sonra müayinə və müalicə üçün tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı valideynlər və aidiyyəti qurumlar məlumatlandırılıb.

Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır. Həmçinin daxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimləri ilə söhbətlər keçirilir.
 

TƏBİB-dən verilən məlumata görə, 2011-ci il təvəllüdlü zərərçəkən N.Nərimanov adına Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib. Ona II-III dərəcəli termiki yanıq diaqnozu qoyulub. Yeniyetmə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli isə polis əməkdaşları tərəfindən saxlanılıb.


Məlumatda vurğulanır ki, bu, məktəblərdə baş verən ilk belə hadisə deyil.

Xatırladaq ki, bu il fevralın 6-da səhər saatlarında “İdrak” liseyinin 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə məktəbə gələrək müəllim Şəhla Kamilovanı yaralamışdı. Daha sonra yeniyetmə saxlanılmışdı.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri ilə - qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanmışdı.

Sonradan uzunmüddətli müalicədən sonra sağalan Şəhla Kamilova şagirdi bağışlamışdı. Ekspertiza isə yeniyetmədə psixi pozuntuların olduğunu, lakin onun hərəkətlərini dərk etdiyini və idarə edə bildiyini müəyyən etmişdi. Bu hal onu məsuliyyətdən azad etməsə də, yüngülləşdirici hal kimi nəzərə alına bilər. (Minval.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin