Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

608134

Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Qurbanəli Qurbanovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərərçəkmiş şəxslərə münasibətdə törədilmiş dələduzluq əməlinə görə təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilib.
 

İttihama görə, Qurbanəli Qurbanov etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirərək onlara maddi ziyan vurub. O, özünü geniş əlaqələrə malik, dövlət qurumlarında məsələləri həll etmək imkanına sahib şəxs kimi təqdim edərək vətəndaşları aldadıb.


Belə ki, təqsirləndirilən şəxs tanışı olan zərərçəkmiş Əşrəf Tağıyevə (adı, soyadı şərtidir) ləğv olunmuş əlillik dərəcəsinin bərpa olunmasında köməklik göstərəcəyini vəd edib. Bu məqsədlə 2021-ci ilin aprel ayında Bakı şəhərində yerləşən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun qarşısında 1500 manat, həmin ilin may ayında Binəqədi rayonu ərazisində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaxınlığında 1000 manat, iyun ayında isə Nəsimi rayonu ərazisində yerləşən “Velotrek” kompleksinin qarşısında 500 manat olmaqla ümumilikdə 3 000 manat pul vəsaitini alaraq ələ keçirib. Lakin verdiyi vədləri yerinə yetirməyib və zərərçəkmiş şəxsə maddi ziyan vurub.

Araşdırmalar zamanı müəyyən edilib ki, Qurbanəli Qurbanov eyni üsulla digər şəxsi də aldadıb.

Belə ki, 29 dekabr 2021-ci il tarixdə yenidən özünü əlaqələri olan şəxs kimi təqdim edərək zərərçəkmiş İmran Əliyevdən (adı, soyadı şərtidir) “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun qarşısında 2 000 manat pul alıb və həmin vəsaiti mənimsəyib.

İstintaqla həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş T.T-ni (adı, soyadı şərtidir) də eyni vədlərlə aldadıb. O, 4 000 manat müqabilində əlillik dərəcəsinin bərpasını təşkil edəcəyini bildirərək zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda pul vəsaitləri əldə edib. Belə ki, 2022-ci ilin oktyabr ayında onun göstərişi ilə taksi sürücüsü vasitəsilə 2000 manat, 03 noyabr 2022-ci il tarixdə isə Beyləqan rayonunda “eManat” terminalı vasitəsilə ayrı-ayrı əməliyyatlarla daha 2 000 manat pul köçürülüb. Beləliklə, ümumilikdə 4 000 manat məbləğində vəsait ələ keçirilib.
 

Bundan başqa, Əşrəf Tağıyev 2023-cü ilin fevral ayında zərərçəkmiş Y.Y.-dən (adı, soyadı şərtidir) eyni məqsədlə 2 000 manat pulu taksi sürücüsü vasitəsilə əldə edib. Həmin il martın 19-da isə “Sofra” restoranının qarşısında Zərərçəkmişdən əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərəcəyi vədi ilə 2 000 manat pul alaraq mənimsəyib.


Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxs 2025-ci ildə də eyni əməlləri davam etdirib. Belə ki, o, zərərçəkmiş A.A.-dan (adı, soyadı şərtidir) əlillik dərəcəsinin təyin olunması ilə bağlı köməklik göstərmək adı ilə 25 yanvar 2025-ci il tarixdə notariat kontorunda 5 000 manat pul alaraq ələ keçirib və vədinə əməl etməyib.

Toplanmış sübutlarla müəyyən olunub ki, Əşrəf Tağıyev bütün epizodlar üzrə eyni üsuldan istifadə edərək vətəndaşların etibarını qazanıb, yalan vədlər verməklə onların pul vəsaitlərini ələ keçirib və nəticədə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurub.

Qeyd edək ki, zərərçəkmiş Əşrəf Tağıyev I Qarabağ müharibəsinin iştirakçısıdır və həmin müharibədə xəsarət alıb. Digər zərərçəkmiş İmran Əliyev də I Qarabağ müharibə iştirakçısıdır, 3-cü qrup əlildir.

Məhkəmə istintaqı zamanı o, irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin