2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Dəmiryollarının sədr müavini Arif Ağayev Kürdəmir dəmiryolu stansiyasının açılışında qeyd edib.
O Kürdəmir stansiyanın açılışı ilə əlaqədar olaraq Kürdəmir sakinlərini təbrik edib, stansiyada görülən işlərdən danışıb:
"Bu stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir. Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir. Azərbaycan Dəmir Yollarının buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq.
Başqa sözlə desək, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək.
Buradan həm Bakıya, həm şimal və qərb rayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etmək olacaq.
Müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq.
Daha bir ilk kimi Kürdəmirə müasir Stadler qatarları ilə səfərlərin təşkil olunacağını qeyd etmək istərdim. Komfortlu qatarlarla artıq həftənin bütün günlərində sərnişinlərə xidmət göstəriləcək".
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

































































































