Azərbaycanda daşınmaz əmlak bazarında diqqətçəkən dəyişikliklərdən biri Bakı ilə regionlar arasındakı qiymət fərqinin əhəmiyyətli dərəcədə azalmasıdır. Əgər 10 il əvvəl paytaxtda yerləşən kiçik ölçülü bir mənzilin qiymətinə regionlarda daha geniş və çoxotaqlı evlər əldə etmək mümkün idisə, bu gün bu fərq demək olar ki, minimum səviyyəyə enib.
Burda ziddiyyətli məqam yaranır: Bakıda qiymət artımı olsa da bunun səbəbini başa düşmək asandır – rəsmi qurumlardan tutmuş, təhsil ocaqlarına, müxtəlif iş yerlərinə qədər – hər şey Bakıdadır.
Ona görə də ölkənin əsas infrastrukturunun cəlb olunduğu paytaxtda qiymətlərin yüksək olması təəccüblü deyil. Amma vətəndaş təhsil, işsizlik problemlərini həll etmək üçün Bakıya köçürsə, yaxud gündəlik paytaxta gedib-gəlirsə, eləcə də yaşadığı yerdə bir neçə məktəb, 2 xəstəxana, 5-10 iaşə obyekti varsa həmin şəhərdəki mənzillərin qiyməti Bakıyla necə bərabər ola bilər?
“Bakıya gəlmək istəyən qədər, Bakıdan getmək istəyən də var”
Daşınmaz əmlak üzrə ekspert Mürşüd Babayev Bizim.Media-ya deyib ki, qiymət fərqi xüsusən son 8-10 ildə kəskin şəkildə azalıb:
“Amma burda bir detal var: əslində Bakıda evlər ucuzlaşmadı, regionlarda evlər bahalaşdı. Paytaxtda artıq “yetkin qiymət”lərdir. Bundan sonra bahalaşma cüzi olacaq. Regionlar isə indi qiymət partlayışı yaşayır. Səbəb isə odur ki, Bakıya gəlmək istəyən qədər, Bakıdan getmək istəyən də var. Deyək ki, kiminsə regionda iş tapmaq dərdi yoxdur, onlayn çalışan, yaxud şəxsi biznesini məsafədən idarə edə bilən biridir.
Paytaxtın xaosundan uzaqlaşmaq istəyir. Belə insanların sayəsində regionlarda qiymətlər tədricən qalxdı. Digər məsələ isə artıq regionlarda da aparılan abadlıq işləri, yaranan canlanmadır”.
Mütəxəssis vurğulayır ki, başqa bir səbəb də regionlarda yeni binaların tikilməsidir:
“Əsasən də yeni ailə quranlar əyalətlərdə də özəl həyəti, səliqəsi, qarajı, bağçası olan təzə binalarda yaşamağa üstünlük verirlər. Tələb artdıqca da təklif çoxalır. Nəticədə qiymətlərə də kəskin təsirini göstərir. Regionlarda standartlara cavab verən binalar tikilirsə, Bakıdan niyə geri qalsınlar ki?”
Əmlak mütəxəssisləri Sumqayıt və Xırdalanı isə artıq Bakıya “birləşmiş ərazi” hesab edirlər.
Xüsusən də nəqliyyatın yaxşılaşması və çoxluğu sayəsində onları “başqa şəhər”dən çox paytaxtın “bir hissəsi” kimi qəbul edirlər. Ona görə də fərq 3-4 dəfə yox, 10-20% intervalına düşüb.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 17.04.2026
Regionlarda evlər sürətlə bahalaşır – Bakı ilə qiymət fərqi QALMAYIB...
Hazırda oxunan: Regionlarda evlər sürətlə bahalaşır – Bakı ilə qiymət fərqi QALMAYIB...
Hazırda oxunan: Regionlarda evlər sürətlə bahalaşır – Bakı ilə qiymət fərqi QALMAYIB...
607518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































