Marketoloq TAKTİKASI – Alıcıları necə cəlb edirlər?

Hazırda oxunan: Marketoloq TAKTİKASI – Alıcıları necə cəlb edirlər?

607511

Son illərdə bir çox ölkədə, həmçinin, Azərbaycanda supermarketlərdə çəki ilə satılan məhsulların qiymətlərinin artıq 1 kiloqram üzrə deyil, 100 qram üzrə göstərilməsi diqqət çəkir.

Xüsusilə konfet, quru meyvə və s. məhsullarda bu yanaşma geniş yayılıb. Ənənəvi olaraq isə məhsulların qiyməti 1 kiloqram üçün göstərilirdi. Bu isə alıcının məhsulun ümumi dəyərini daha aydın anlamasına kömək edirdi. Lakin 100 qram üzrə qiymət göstərilməsi məhsulu “daha ucuz” kimi təqdim edə bilir.

Yəni 1 kq-ı 20 manata olan məhsulu piştaxtada 100 qram üzrə 2 manat olaraq görürük. Psixoloji olaraq 2 manat daha ucuz, hər kəsə əlçatan təsiri bağışlayır.

Qeyd etdiyimiz kimi, bu, təkcə Azərbaycanda yox, bir çox ölkələrdə tətbiq olunur. Marketoloqlar isə hesab edirlər ki, ideal yanaşma həm 100 qram, həm də 1 kiloqramın qiymətinin birlikdə göstərilməsidir.

Onsuz da hər bir şəxs məhsuldan mütləq bir kiloqram almır, hər kəs öz büdcəsinə və ya ehtiyacına uyğun qədər məhsul alır. Məhsulun 100 qramının qiymətinin göstərilməsi hesablama zamanı rahatlıq yaratsa da bəzən də aldadıcı təsir bağışlaya bilər.

Bu dəyişiklik sadəcə texniki rahatlıqdır, yoxsa istehlakçı davranışına təsir edən marketinq strategiyası?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov  deyib ki, qanunvericilik bunu tənzimləmir deyə bundan istifadə edirlər:

“Marketoloqlar, satıcılar, mağaza sahibləri bütün dünyada öz ölkələrində olan qanunları incələyirlər, harada boşluq varsa, ondan istifadə edib istehlakçıları aldadırlar.

Belə nümunələr çoxdur, istehlakçılar elə bilirlər ki, qablaşdıırlmış məhsullar bir kiloqram olmalıdır. İstehlakçının bəzən bir kiloqram olduğunu zənn etdiyi və pul verdiyi qablaşdırılmış şəkər tozu, qəndin 800 qram olduğunu görürük”.

Onun sözlərinə görə, bu, marketoloqların bir hiyləsidir:

“Marketoloqların minlərlə hiyləsi var, onlardan biri də budur. Başqa ölkələrdə də bu gedişlər edirlər. Azərbaycanda, bir çox ölkələrdə misal üçün, məhsulun qiymətini yazırlar ki, 8 manat 99 qəpik. Bu da bir marketoloq hiyləsidir.

Məsələn, bəzi ölkələrdə, İspaniyada 8.99-luq məhsulda 99 rəqəmini o qədər kiçik yazırlar ki, 0-a bənzəyir. İstehlakçı onu görmür. Qanun qadağa etmədiyi üçün biznesin sui-istifadəçi kimi qiymətləndirilə bilər. Birəmənalı olaraq istehlakçıları cəlb etmək, aldatmaq üçün istifadə edilən üsullardan biridir”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin