Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.
Prokuror çıxışında A.Nurinin 18 il 3 ay müddətinə azadlıqdan məhrum edilməli olduğunu bildirib.
Daha sonra məhkəmənin hökmü oxunub. Qərara əsasən, Amin Nuri 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2025-ci il iyulun 3-də səhər saatlarında Binəqədi rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Mərhumun qardaşı, 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək cinayəti etiraf edib və könüllü təslim olub.
Onu da qeyd edək ki, qanlı hadisə qardaşlar arasında yaranan mülk mübahisəsi zəminində baş verib. Dəhşətli qətl Aslan Nurinin azyaşlı körpəsinin gözü qarşısında törədilib. Təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və zabit olub.
Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.
Bizim.Media







































































































