Son günlər insanlar, xüsusilə, tələbələr, məktəblilər arasında xəstəlik yayılıb. Əsasən əzələ ağrıları, burun axması müşahidə olunur və sürətli şəkildə yayılır. Bu əlamətlərdən əziyyət çəkənlərin bəzisində yüksək temperatur olsa da, bəzisində qeydə alınmır.
Öskürək də müşahidə olunmur. Lakin xəstəlik uzun müddət sürür və dərmanlar öz effektini tez bir zamanda göstərmir.
Koronavirus pandemiyasından sonra insanlar yayılan hər bir virusa qarşı daha həssas yanaşırlar.
Xüsusilə, yüksək yoluxuculuq qabiliyyətinə görə yayılan xəstəliyin koronavirusun hansısa ştammı və ya yeni virus olacağından narahatlıq duyurlar.
Mövzu barədə Bizim.Media-ya danışan həkim Rasif Bağırov deyib ki, hazırkı şikayətlər yuxarı tənəffüs yollarında yaranan problemlərlə bağlıdır:
“Bəzən yayılan xəstəliklərin hamısına ümumiləşdirilmiş bir ad deyirik. Lakin müxtəlif viruslar var və hər bir virusun da özünəməxsus xüsusiyyəti mövcuddur. Koronavirusda əsas xəstənin dad bilməsinin, iy bilməsinin itməsi idi. Başqa virus başqa bir əlaməti ilə seçilir. Amma bunların hamısı ən çox yuxarı tənəffüs yollarında yayılır. Hazırkı şikayətlər tənəffüs yollarında yaranan xəstəliklə bağlıdır. Bunlar da əsasən məktəblilər, tələbələr arasında çox yayılır. Çünki onlar kompakt şəkildə yaşayırlar, bir yerdə çox vaxt keçirirlər və belə olduqda virusun yayılma ehtimalı çox olur”.
Mütəxəssis yayılan xəstəliyin qorxulu olmadığını vurğulayıb:
“Həmişə mövsümi olaraq bizim ölkəmizdə rast gəlinən virusdur. Qeyri-adi, təhlükəli virus hələki bizdə yoxdur. Əsas odur ki, xəstəliyin olduğunu göstərəsən, elə olduqda tibb işçiləri xəstəliyin üzərinə çöküb onu məhv edə bilir”.
Günay Şahmar, Bizim.Media


































































































