Ötən il Bakıda bəzi heykəllərin üzərində adların hələ də kiril əlifbasıyla olması məsələsini gündəmə gətirmişdik.
Bununla bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-ya açıqlamada bildirmişdi ki, həmin abidələrin yanında müasir tendensiyalara uyğun, özündə daha çox informasiya daşıyan QR-kodlu məlumat lövhələrinin quraşdırılması imkanları araşdırılacaq.
Ancaq məsələ hələ də öz aktuallığını saxlayır. Çünki abidələrin üzərindəki yazılar hələ də kiril əlifbasında qalır.
Bəs sözügedən QR-kodların tətbiqi nə zaman gözlənilir?
Yenidən məsələylə bağlı Nazirliyə sorğu ünvanladıq.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat Katibi Fariz Hüseynli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, bu barədə yenilik yoxdur, hər hansı bir addım atılmayıb.
Ümumiyyətlə planlanır?
"Hələ ki, yaxın vaxtda yox, ola bilər ki, il ərzində olsun"-deyə qurum nümayəndəsi bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media

































































































