Yerli marketlərin vitrinlərini bəzəyən çeşid-çeşid yağların arasında rast gəlinən “rus yağları” alıcıların daim marağında olub. Digər ölkələrlə müqayisədə Rusiya istehsalına üstünlük verilməsi əslində bu ölkənin müasir istehsalına etimaddan deyil, sovet nostalgiyasından irəli gəlir. Çünki həmin illərdə süd və süd məhsulları çox keyfiyyətli olurdu.
İndi də özünü təsdiqləmiş rus yağ brendləri piştaxtalarda mövcuddur.
Amma işbazların, zirzəmi sexlərinin istehsal etdiyi saxta yağların da bu məhsulların arasına qatıldığına zaman-zaman rast gəlinib. Bəzən isə qablaşdırmalar rus dilində olur və alıcılarda “həqiqətən Rusiyadan, yaxud Belarusdan gətirilib” təəssüratı yaradır. Lakin reallıq bir az qarışıqdır.
Market rəflərində müxtəlif rus adları altında təqdim olunan bu məhsulların bir qismi xarici ölkələrdən gətirilsə də, digərləri yerli müəssisələrdə istehsal olunur və ya idxal xammal şəklində gəlir, Azərbaycanda qablaşdırılır. Düzdür, hansı şəraitdə qablaşdırılır, o sual altındadır, amma xammal olaraq gəldiyi ən azından dəqiqdir. İstənilən halda bu, alıcıların marağına hesablanmış marketinq hiyləsidir.
Burada da ziddiyyətli məqamlar üzə çıxır...
Bizim.Media olaraq paytaxt və qəsəbələrdə apardığımız araşdırmalardan belə məlum oldu ki, Bakının mərkəzi hissələrindəki marketlərdə Rusiya, Belarus və ukrayna istehsalı olan yağlar həqiqətən də idxal məhsullarıdır. Kənar qəsəbələrdə isə daha çox xammalın qablaşdırılmış variantı müştərilərə təklif olunur.
Məhsulun “İstehsalçı” məlumatında “Made in Russia” yaxud digər slavyan ölkəsi yazılsa da, aşağıda yerli ünvan göstərilir. Orijinal rus məhsullarında əsas yazılar isə rus dilində olur, qablaşdırmada Azərbaycan dilində əlavə edilmiş və sonradan yapışdırılmış məlumat qeyd olunur.
Bəzi məhsulların qablaşdırılmasında Rusiya və digər slavyan ölkələrinin adı və bayrağı qeyd olunsa da, istehsalın harada həyata keçirilməsi haqda bilgilər yoxdur. Yəni, əsas yazılar Azərbaycan dilindədir və bu istər-istəməz şübhə yaradır. Bir sözlə istehlakçılar başqa ölkənin adı və qablaşdırılması ilə çox rahat şəkildə aldadılırlar... Alıcılar isə bu markaların da Rusiya və ya digər ölkələrdə istehsal olunduğunu zənn edirlər.
Onu da qeyd edək ki, istehsal yeri, mənşəyi və tərkibi bilinməyən bu yağların əslində “padval”larda istehsal olunmasına dair iddialar var.
Məsələn “Rossiyyanka”, “Saratovskiy”, “Kalinka”, “Tulçinskaya Extra №3”, “Krestyanskoe” və digər Rusiya adı altında marketlərdə kifayət qədər yağ satışı həyata keçirilir. Araşdırmalarımıza görə Rusiyanın özündə və marketlərində bu adda yağlar mövcud deyil və ümumiyyətlə bu adlar altında sözügedən ölkədə yağlar istehsal olunmur.
Digər bir məqam isə keyfiyyətlə bağlıdır...
Son vaxtlar “Doyaruşka” kimi yağlarının keyfiyyətindən və dadından alıcılar narazıdırlar, bildirirlər ki, əvvəlki kimi deyil.
Maraqlıdır, istehlakçılarımız Rusiya adı altında, amma əslində Azərbaycanda istehsal olunan bu yağlarla niyə aldadılır?
Məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) münasibətini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirildi ki, cari ilin birinci rübü ərzində ölkəyə 10-dan artıq ölkədən 5650 ton kərə yağı idxal olunub. İdxalda İran, Belarus, Ukrayna, Səudiyyə Ərəbistanı, Yeni Zelandiya və Finlandiya əsas yerləri tutur.
“Ölkəyə idxal olunan qida məhsulları, o cümlədən kərə yağları üzərində risk səviyyəsindən asılı olaraq müəyyən edilmiş dövriliyə uyğun şəkildə fiziki nəzarət həyata keçirilir. Fiziki nəzarət zamanı məhsulların laboratoriya tədqiqləri (sınaqlara) aparılır, habelə sadə fiziki-kimyəvi sınaqlara cəlb olunmaqla təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər üzrə yoxlanılır”.
İstənilən halda məsələ açıq olaraq qalır. Təbii ki, diqqətli alıcılar kor-koranə ölkə adına etibar etmir, hər ehtimala qarşı alıcılara qablaşdırmanın arxasındakı məlumatı diqqətdən qaçırmamağı tövsiyə edirik.






Şəfiqə Şəfa, Bizim.Media

































































































