Hazırda Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə tikinti-bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması prosesi davam edir.
30 ilə yaxın məcburi köçkün həyatı yaşayanların bəzisi məskunlaşdıqları şəhər və rayonlarda vəfat edib, orada da dəfn olunublar.
Vətən həsrəti çəkənlərin bir qisminin arzusu isə Qarabağda dəfn olunmaq idi. Bu arzunu öz övladlarına vəsiyyət edənlər də olub.
Hazırda işğaldan azad olunmuş ərazilərdə məskunlaşan qarabağlıların ata-babalarının məzarlarını Qarabağa köçürmək mümkündür? Yəni onlar bunda sərbəstdilər, yoxsa bununla bağlı xüsusi layihə olmalıdır?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bizim.Media-ya bildirib ki, belə bir layihə olmalıdır:
“Bunu bəzi insanlar əgər arzulayırlarsa, özləri görə bilərlər. Hesab edirəm ki, bu daha çox insanların öz vəsaiti hesabına həyata keçirilməlidir. Sonrakı mərhələdə dövlətin imkanları olarsa, bunu təbii ki, sosial layihə olaraq genişləndirmək olar. Bunun ancaq dövlətin imkanları hesabına həyata keçirilməsi həm müəyyən vaxt, həm də növbəlilik baxımından problemlər yarada biləcək.
Məncə, bunu arzu edən insanların özlərinin öhdəsinə buraxmaq lazımdır və bunu da öz hesablarına həyata keçirə bilərlər. Bu daha real ola bilər. Başqa variantlar gecikə və ya uyğun gəlməyə bilər, hansısa parametrlərdə, növbəlilikdə narazılıq yarana bilər. Ona görə də bu məsələyə belə bir konteksdən baxsaq, daha doğru olar”.
Günay Şahmar, Bizim.Media

































































































