«Yalan danışmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır»-Həsən Kərimov

Hazırda oxunan: «Yalan danışmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır»-Həsən Kərimov

42486

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mütəmadi olaraq, Nazirlər Kabinetinə, Bakı şəhər İcra Hakimiyyətinə, dənizsahili rayonların icra başçılarına məktublar ünvanlayır ki, qanunvericiliklə müəyyən olunmuş qaydada dənizin mühafizə zolağı daim nəzarətdə saxlanılsın. Bu barədə “modern.az”a komitənin şöbə müdiri Lütfi Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, sahil ərazilərinin hasarlanmasına icazəni konkret kimin - bələdiyyələrin, yaxud icra hakimiyyətlərinin verdiyini iddia etmək çətindir: “Komitə öz səlahiyyətlərinə aid olan tədbirləri görmək üçün üzərinə düşəni edir”.

Ərazisinə sahilboyu zolağın düşdüyü Səbail rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Israfil Kərimov bildirib ki, hasarlama hallarına dair faktlar yoxdur: “Balansımızda yalnız ”Şıx" çimərliyi var, həmin ərazidə də sahil zolağının hasarlanmasına rast gəlinməyib".

Xəzər rayon İcra Hakimiyyətini təmsil edən Imran Qəmbərov isə iddia edib ki, bu rayon ərazisində də qanunazidd hal yoxdur.

Qeyd edək ki, Milli Məclisin son iclasında deputat Zeynəb Xanlarova və Sabir Rüstəmxanlı Xəzər dənizinin sahilboyu zolağının hasara alınması məsələsini gündəmə gətirib.

Səbail rayonunun keçmiş icra başçısı Həsən Kərimov isə “Azadlıq”a açıqlamasında bildirib ki, “Şıx” çimərliyində aparılan tikintiləri heç kimdən gizlətmək mümkün deyil: “Yalan danışmağa ehtiyac yoxdur. ”Şıx" çimərliyinin qanuna müvafiq olaraq 200 metrliyində deyil, 20 metrliyində kotejlər, imarətlər tikilib. Hər şey göz qabağındadır. “Şıx” çimərliyi əvvəlki görkəmini tamamilə itirib. Ora artıq insanların istirahəti üçün deyil. Məmurlar dənizi işğal edib. Bir hissəsi obyektlərdən, bir hissəsi isə villalardan ibarətdir. Tikilən obyektlərdə istirahət etmək sadə insanların cibinə uyğun deyil. Bu faktları gizlətmək mümkün deyil".

Xatırladaq ki, 2003-cü il yanvarın 13-də keçmiş prezident Heydər Əliyev Xəzər sahilində şəxsi evlərin və qurğuların tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb.

Həmin sənəddə deyilir ki, sərəncam son vaxtlar vətəndaşların Prezidentin Icra Aparatına daxil olan çoxsaylı müraciətlərilə əlaqədar qəbul edilib. Müraciətlərdə göstərilib ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib.

Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb.

Ramin DEKO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin