24 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarının icrası ilə bağlı mətbuat konfransı keçirilib. Bu barədə Moderator.az-ı qurumun mətbuat xidməti məlumatlandırıb. Məlumatda deyilir:
“Komitə sədri Ramiz Həsənov bildirmişdir ki, 9 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi keçirilmiş Nazirlər Kabinetinin iclasında ekologiyanın qorunması, atmosferi çirkləndirən amillərə qarşı ciddi mübarizənin aparılması və vətəndaşların ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq işlər sürətləndirilmişdir. Komitə sədri havanı çirkləndirən əsas amilin məhz avtonəqliyyat vasitələri olduğunu qeyd edərək, ekologiyanın qorunmasında, o cümlədən ölkənin avtoparkının müasir avtomobillərlə əvəzlənməsi məqsədilə “Avro-4 standartı”na keçidin zəruri olduğunu bildirmişdir. Onun sözlərinə görə, avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrlə bağlı Avro-1, Avro-2, Avro-3 standartları arasında kəskin fərq olmadığı halda, Avro-3 və Avro-4 arasında ciddi fərq mövcuddur. Belə ki, təkcə avtomobildən atmosfer havasına atılan karbon-oksidin kütləsinə olan tələblər Avro-2 standartı ilə müqayisədə 2 dəfə sərtləşdirilmişdir. Əgər Avro-2 standartında bu 1 km məsafəyə 2,2 qram nəzərdə tutulmuşdursa, Avro-4 standartında bu 1 qrama qədər məhdudlaşdırılmışdır və bütün bu tələblər digər zərərli maddələrə də şamil olunur. Komitə sədri atmosferə atılan zərərli maddələrlə bağlı tələblər sərtləşdikcə ölkəmizdə yanacağın keyfiyyətinin artırılması məsələlərinin də aktuallaşdığını və bununla bağlı müvafiq qurumlarla işlərin aparıldığını, müvafiq standart layihələrinin hazırlanmaqda olduğunu bildirmişdir. Belə ki, artıq neft sektorunun müxtəlif sahələrini əhatə edəcək Texniki Komitələrin yaradılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası və ARDNŞ-la danışıqlar aparılır. Bundan başqa Azərbaycanda yeni tikiləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə milli standartların hazırlanmasına da artıq başlanılmışdır və bu sahədə 535 adda standartın hazırlanması 2014-cü ilin Standartlaşdırma üzrə İş Planına daxil edilmişdir.
Komitə sədri bildirmişdir ki, sürətlə inkişaf edən ölkəmizdə magistral yollar yenilənir, müasir avtobanlar salınır və təbii olaraq yollarda sürət həddi artırılır: “Bütün bunlar da öz növbəsində avtonəqliyyat vasitələrinin təhlükəsizlik sistemlərinə qoyulan tələbləri bir daha nəzərdən keçirməyi və yaxın gələcəkdə bununla bağlı standartların hazırlanmasını zəruri edir”.
Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır”.
































































































