Mətbuat Şurası Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin oktyabrın 4-də Sabirabadda seçicilərlə keçirdiyi görüşü işıqlandıran bir qrup jurnalistin təzyiqə məruz qaldığına dair iddiaların araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
Moderator.az xəbər verir ki, müraciətdə təzyiqlə üzləşdiyi iddia edilən KİV təmsilçilərinin “Azadlıq” radiosunun bölgə müxbiri Tural Mustafayev, “Azadlıq” qəzetinin əməkdaşları Sevinc Vaqifqızı və Ramin Deko, o cümlədən “Turan” informasiya agentliyinin müxbiri Etimad Budaqov və “Yeni Müsavat” qəzetinin müxbiri Röya Rəfiyeva olduğu nəzərə çatdırılır: “Sizdən məsələni şəxsən diqqət mərkəzində saxlamağı xahiş edirik. Əminik ki, jurnalistlərin Sabirabadda təzyiqə məruz qaldığını nəzərdə tutan iddiaların nə dərəcədə əsaslı olub-olmadığı ətraflı araşdırılacaq, məsələ barədə qanuni ölçü tədbiri götürüləcək və ictimaiyyətə müvafiq məlumat veriləcək”.







































































































