Oktyabrın 4-də Moderator.az saytında 16.21-radələrində "Gədəbəydə "cin" peyda olub" başlıqlı yazı getmişdi. İddia olunurdu ki, yay mövsünündə ümumilikdə 96 baş iribuynuzlu mal-qara Ermənistanla sərhəd ərazilərdə yoxa çıxıb və rayon əhalisi hiddətlənərək ciddi tədbir görülmədiyindən şikayətlənir. Moderator.az rayonun deputatına da müraciət etmiş, Sevinc Hüseynova da faktı təsdiqləyərək ona ünvanlanan şikayət məktubunu Daxili İşlər Nazirliyinə göndərdiyini bildirmişdi. Biz nazirlikdən də məsələ ilə bağlı məlumat almışıq. Sorğumuza verilən cavabı təqdim edirik:
Moderator.az saytının 04.10.2013-cü il tarixli xəbər bülletenində getmiş "Gədəbəydə "cin" peyda olub..." sərlövhəli yazıda göstərilənlərlə əlaqədar bildiririk ki, Gədəbəy rayonunun Düzyurd kənd sakini Sahib İbrahimov 30 iyun 2013-cü il tarixdə Gədəbəy RPŞ-yə ərizə ilə müraciət edərək bir gün əvvəl rayon ərazisində yerləşən “Koroğlu dərəsi”adlanan yaylaqdan ona məxsus 4 baş və digər Düzyurd kənd sakinlərinə məxsus olan iri buynuzlu heyvanların naməlum şəxslər tərəfindən oğurlanmasını bildirmişdir.
Həmin ərizə əsasında toplanmış materiallar əsasında 10 ıyul 2013-cü ildə Gədəbəy RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. İstintaq zamanı zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindirilmiş, ümumilikdə Düzyurd kənd sakinlərinə məxsus 41 iri buynuzlu heyvanın oğurlanması müəyyənləşdirilmişdir. Lakin keçirilən istintaq-əməliyyat tədbirlərinə baxmayaraq təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmamışdır. Ona görə həmin cinayət işi üzrə icraat dayandırılmışdır.







































































































