Moderator.az xəbər verir ki, Rəvan Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında vətənpərvərlik təbliğatı” layihəsinin icrasına start verib. 3 ay davam edəcək layihə çərçivəsində gənclər təşkilatları, hərb yönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirakı ilə tədbir keçiriləcək.
Tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə
alınmaqla, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev
tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə
atdığı addımlar (Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin qaytarılması, ona
Milli Qəhrəman adının verilməsi, Ramil Səfərovun Macarıstandan ekstradisiyası
və azad edilməsi, ordu quruculuğu sahəsində görülən işlər, vətənpərvər medianın
inkişafı sahəsində təşəbbüsləri və s.),
qəhrəmanlıqları
ilə gənclərimizə örnək olan Milli Qəhrəman Mübariz İbrahimov və Azərbaycan ordusunun
zabiti Ramil Səfərovla bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq
dərc olunacaq. Buklet Yevlax rayonundakı orta məktəblərin
şagirdlərinə və Bakıda
ali məktəblərdə təhsil alan tələbələr arasında paylanacaq. Pilot olaraq
seçilmiş Yevlax rayonu Yuxarı Qarxun kənd orta məktəbində IX-XI
sinif şagirdləri arasında vətənpərvərlik mövzusunda inşa müsabiqəsi elan
olunacaq. İnşa müsabiqəsi ilə bağlı Yuxarı Qarxun orta
məktəbində IX-XI sinif
şagirdlərinə (1 gün, 70 şagird) təlim keçirilərək Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin
müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti, həyata
keçirilən vətənpərvər siyasətin nəticəsi olaraq yetişən Mübariz İbrahimov və
Ramil Səfərov kimi qəhrəmanlarımız barədə geniş məlumat veriləcək. İnşa
müsabiqəsinə təqdim edilən yazılar gənclər təşkilatı və hərbyönümlü QHT
rəhbərləri ilə hərbi ekspertlərdən təşkil olunmuş Müsabiqə Komissiyası
tərəfindən qiymətləndiriləcək və müsabiqə qalibləri mükafatlandırılacaq.








































































































