Avqust ayının sonlarında demək olar ki, hər gün dövlət büdcəsindən maliyyələşən hansısa sahədə 10 faizlik maaş artımıyla bağlı prezident fərmanlarına şahidlik etdik. Ən sonda isə təqaüdçüləri yada salmaqla bu artım az qala bütün kateqoriyadan olan insanları əhatə etdi. Maraqlıdır ki, son illər bir qayda olaraq 10 faizlik maaş artımları həyata keçirilir və demək olar ki, bu bir ənənə halını almaqdadır. Hətta bəzi iqtisadçılar deyir ki, bu cür artımlardansa hər 3-4 ildən bir daha əhəmiyyətli artımlar etmək daha düzgün addım olardı.
Millət vəkili,
iqtisadçı ekspert Əli Məsimli isə hesab edir ki, əsas məsələ heç də maaşların,
pensiyaların neçə faiz və neçə ildən bir artırılması deyil, Həmin artımların
işbazların cibinə getməsinin qarşısını almaqdır. Moderator.az-a
açıqlamasında Ə. Məsimli cəmiyyətdə çoxlarının müzakirə predmetinə
çevrilmiş “niyə məhz 10 faiz” sualına da münasibət bildirib: “Necə improvizasiya
olunmasından asılı olmayaraq bu sadəcə növbəti maaş artımıdı. Büdcədə nəzərdə
tutulan vəsait son 4 ayda 10 faiz artımı qarşılaya bildiyindən məhz bu qədər
artıma gedildi. Maaş və pensiyaları ilin ortasında atırsaydılar faiz az ola
bilərdi. Amma əsas məsələ bu yox, artan maaşların, pensiyaların, müavinətlərin
süni qiymət artımı vasitəsilə işbazların cibinə axmasının qarşısını ala biləcək
etibarlı mexanizmlərin yaradılmasındadır.”







































































































