Universitet rektoru metrodan istifadə edir - Bakıda

Hazırda oxunan: Universitet rektoru metrodan istifadə edir - Bakıda

146647
Ölkədə bütün vəzifəlilər bahalı maşınlarda gəzirlər. Hətta məktəb direktorlarının da bahalı maşınları var. Olsun. Onsuz da indi heç kimdən gəlir deklarasiyası tələb olunmur. Vəzifəlilər ictimai nəqliyyatdan birmənalı imtina ediblər. Buna görə də ictimai nəqliyyatlar bərbad gündədir. Məsələn, bizim metro qatarlarına daxil olanda elə bil ki, hamama girirsən. Təri silmək üçün bir dəsmal bəs eləmir. Çöldəki havanın temperaturu qədər isti olur qatarların salonu. Paytaxt sərnişinlərinin istifadəsindəki qatarlar isə ötən əsrin yadıgarıdır. Səs - küydən nə kitab oxumaq olur, nə də söhbət etmək. İndi bir an təsəvvür edin, kimsə spikeri, baş naziri, Ziya Məmmədovu, yaxud hansısa rektoru metroda və yaxud avtobusda görür. Adam şoka düşə bilər. Mən tələbəlikdən ictimai nəqliyyatdan istifadə edirəm. Deputatları da o məkanlarda görməmişəm. Üzr istəyirəm, bir dəfə mərhum dostum Aydın Məmmədovu metroda görmüşdüm. Rəhmətlik həmin vaxtlar deputat idi.

Ancaq dünən məni dəhşətli dərəcədə təəccübləndirən bir hadisənin şahidi oldum. Həmin isti qatarda bir universitet rektorunu gördüm. Yəqin ki, həmin ali məktəbin tələbələri də onu metroda tez-tez görürlər. Düzü, tələbələrin keçirdiyi hissləri təsvir edə bilmərəm. Ancaq bu onlar üçün yenilikdir və onlar digər ali məktəblərin tələbələrinə də deyəcəklər ki, bizim rektor metro ilə işə gedib - gəlir. Bir də metro onların gözündə yaxşı nəqliyyat vasitəsi kimi canlanacaq. Bu rektor yeni təyin olunanlardır. Yeri gəlmişkən, Moskva Dövlət Universitetinin sabiq rektoru akademik Anatoli Loqunov velosipedlə işə gəlirmiş. Ola bilsin ki, bu həmin mədəniyyət üçün adi haldır. Ancaq bizdə bu qətiyyən ola bilməz.

Dünənki hadisə ilə bağlı qorxulu bircə şey var. Metrodan istifadə edən rektorun həmkarları onu qınaya bilərlər. Ancaq tələbənin rəyi rektor həmkarların rəyindən qat-qat üstündür. Sadəlik böyük insanlara və əsl alimlərə xas olan keyfiyyətdir.

Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin