Hər il neçə-neçə gənci udan DƏNİZ - Nəzarətsiz çimərliklərə hansı qurum CAVABDEHDİR?

Hazırda oxunan: Hər il neçə-neçə gənci udan DƏNİZ - Nəzarətsiz çimərliklərə hansı qurum CAVABDEHDİR?

621093

Yay gəldi, elə ki çimərlik sezonu açıldı sakinlərin, xüsusən də valideynlərin narahat günləri başlayır. Söz dinləməyən, tay-tuşlarının həvəsinə küləkli havalarda dənizə girən, qadağan olunmuş ərazilərdə çimən yeniyetmə və gənclər əjdaha kimi ağzını açmış Xəzərin qurbanına çevrilirlər.

Birlikdə istirahət edən, əylənən insanlar, bir neçə dəqiqə sonra dənizin sularına qərq olurlar. Ötən gün  Mərdəkanda eyni nəslin dörd üzvünün dənizdə boğularaq həyatını itirməsi ölkəni sarsıdan hadisələrdən biri oldu. Hər dəfə belə faciələr baş verəndə eyni suallar yenidən gündəmə gəlir: təhlükəli hava şəraitində insanlar niyə dənizə gedirlər? Niyə bəzi ölkələrdə olduğu kimi axşam saatlarında və ya güclü külək zamanı çimərliklər bağlanmır?

Qanunvericilik və təhlükəsizlik qaydaları baxımından Azərbaycanda da müəyyən məhdudiyyətlər var. Sadəcə olaraq bəzi ölkələrdəki kimi (məsələn, Türkiyənin bəzi kurort bölgələrində) gün batandan sonra çimərliklərin bağlanması daha sərt və sistemli tətbiq olunmur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi qaydalarına görə:

Küləkli havada dənizə girmək qadağandır; çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, çimərlik kimi nəzərdə tutulmamış yerlərdə çimmək, sərxoş halda üzmək və ya orada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək qadağandır.

Çimərliklərdə istirahətin təxminən saat 09:00-20:00 (bəzən 21:00) aralığında daha təhlükəsiz olduğu bildirilir. Lakin hər il bu qədər xəbərdarlıq edilməsinə, ard-arda faciələr yaşanmasına baxmayaraq, yenə də əməl olunmur.

Görünür Azərbaycanda çimərliklərlə bağlı xəbərdarlıq şəklində qadağalar faciələrin qarşısını almaq üçün kifayət etmir. Ya daha da sərtləşməli, ya da cərimələr tətbiq edilməlidir ki, canının qədrini bilməyənlər bəlkə puluna görə geri dursunlar. Daha bir variant: insanların narazılığına baxmayaraq çimərliklər özəlləşdirilsin, çünki əksər özəl çimərlik əraziləri gecə saatlarında bağlanır, küləkli hava və ya təhlükəli şərait yarananda giriş məhdudlaşdırıla bilər.

Diqqətçəkən məqamlardan biri də odur ki, faciələrin böyük hissəsi rəsmi çimərlik statusu olmayan ərazilərdə baş verir. Xüsusi avadanlıqlarla təchiz edilmiş, xilasedicilərin növbə çəkdiyi və müşahidə sistemlərinin quraşdırıldığı çimərliklərdə belə halların baş vermə ehtimalı xeyli aşağıdır. Azərbaycanda isə sahil zolağının böyük hissəsi açıq və nəzarətsiz ərazilərdən ibarətdir. Təbii ki, bu qədər geniş əraziyə tam nəzarət etmək asan deyil.

Bəs həmin sahələrə hansı qurum cavabdehdir?

FHN-dən Bizim.Media-ya verilən açıqlamada bildirildi ki, Nazirlik yalnız balansında olan çimərlik ərazilərə nəzarət edir, qalan qeyri-çimərliklər isə İcra hakimiyyətlərinin nəzarətindədir.

“Qanunda belə göstərilir ki, həmin ərazilər yerli icra hakimiyyəti orqanları tərəfindən çimərlik əraziləri kimi təsdiqlənir. Təsdiq olunmuş çimərliklərə FHN nəzarət edir. Qalan yerlər isə adından göründüyü kimi nəzarətsizdir və yerli icra orqanlarının balansındadır.”

Amma göründüyü kimi icra nümayəndəlikləri də ərazini öz ciddi nəzarətlərinə götürmək yerinə Allahın ümidinə qoyublar. Nəzarət varsa da yetərli səviyyədə təşkil olunmur. Nəticədə insanlar təhlükəli sahələrə maneəsiz daxil olur, xəbərdarlıq nişanlarına məhəl qoymur və faciələr təkrarlanır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin