Eldar Həsənov Cavid Qurbanovla bağlı Kəlbəcərlilərə səsləndi...

Hazırda oxunan: Eldar Həsənov Cavid Qurbanovla bağlı Kəlbəcərlilərə səsləndi...

102740
Jurnalistlərə və ümumiyyətlə mətbuata hər zaman ehtiramla yanaşan, ancaq distansiya saxlayan sabiq Baş prokuror, hazırda Serbiya, Monteneqro, Bosniya və Herseqovinada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri hörmətli Eldar Həsənovla xeyli müddət idi ki, əlaqə saxlaya bilmirdik. Bu günlərdə belə bir əlaqə yaratmaq imkanımız oldu və bir neçə suala cavab istədik. Lakin hörmətli səfirimiz nəzakətlə bizi maraqlandıran suallardan yalnız birinə ”“ parlament seçkiləriylə bağlı suala cavab verəcəyini bildirdi. 

Beləliklə, Moderator.az - ın əməkdaşı yalnız aşağıdakı suala cavab almağa müvəffəq oldu:

Eldar müəllim, siz daim kəlbəcərlilərin ağır günündə onların yanında olmusunuz. Harada işləməyinizdən asılı olmayaraq bütün qaçqın - köçkünlərin dərd - sərinə şərik olmusunuz. Hazırda da Azərbaycanımızın Avropanın 3 ölkəsindəki rəsmi təmsilçisi kimi ölkəmizin haqq səsini beynəlxalq tribunalardan mütəmadi səsləndirir, qoruyursunuz. Bir kəlbəcərli ziyalı kimi parlament seçkilərində dəstəklədiyiniz namizədin kimliyi barədə fikirlərinizi bilmək istərdik.

Eldar Həsənov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, YAP-ın Kəlbəcərdən olan namizədi Cavid Qurbanov haqqında xeyli xoş sözlər söylədi:

“Hesab edirəm ki, ilk növbədə hər bir azərbaycanlı dünyanın harasında yaşayıb işləməsindən asılı olmayaraq ölkəmizin tərəqqisinə, cənab prezidentin apardığı daxili - xarici siyasətə söykənən, Azərbaycanın mövcud sabitliyinə, dinamik inkişafına maksimum dərəcədə kömək etməlidir. Bununla yanaşı hazırkı parlament seçkilərində də fəal olmalı, layiqli namizədləri dəstəkləməlidir. Bütün seçicilərin və namizədlərin seçiminə hörmətlə yanaşaraq sözsüz ki, mən də bu bölgədən, orada doğulub boya - başa çatmış bir insan kimi bildirmək istəyirəm ki, güclü ölkəyə əlbəttə ki, güclü parlament lazımdır, Kəlbəcər seçki dairəsindən də namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cavid Qurbanov artıq iki dönəm deputat kimi seçicilərin etimadını doğruldub və bu faktdır. Bu seçkidə də onun deputat seçilməsi hesab edirəm ki, kəlbəcərlilər üçün daha faydalı olardı. 

Ən böyük səbəb ondan ibarətdir ki, Cavid Qurbanovun hələ deputat olmadığı dövrlərdə belə daim Kəlbəcər camaatına, ümumiyyətlə Qarabağ bölgəsindən olan məcburi köçkünlərimizə hər cür kömək etdiyinin mən canlı şahidiyəm. 
Başqa bir çox vacib amil onun mənsub olduğu ailənin Ağdaban faciəsində ən çox şəhid verən ailələrdən olmasıdır. 

Bir də onu nəzərə almalıyıq ki, bu gün işğal altında olan torpaqlarımızın azad olması müstəqil dövlətimizin hərbi qüdrətindən, ordunun milli ruhunun gücündən - hansı ki, bununla qürur duymalıyıq ki, bu var və mövcuddur - nə qədər asılıdırsa, o qədər də bizim milli birliyimizdən asılıdır. Milli birlik də hər bir azərbaycanlının, fərdin özündən başlayaraq doğulduğu yurda qədər davam edir. Doğulduğumuz yurd da işğal altında olduğundan mən sevimli kəlbəcərlilərimi hər zaman olduğu kimi bir olub, vahid olub dövlətçiliyimizi, sabitliyimizi, prezidentimizi müdafiə etməklə yanaşı hal - hazırda deputatlığa namizəd Cavid Qurbanova səs verməyə səsləyirəm, bunu vacib və məqsədəuyğun hesab edirəm. Öz həmyerlilərimi, əziz kəlbəcərlilərimi buna dəvət edirəm və seçimlərinə hörmətlə yanaşaraq bildirirəm ki, layiqli eloğlumuz Cavid Qurbanova səs vermələri doğulduqları torpaqlarımıza qayıtmalarından sonrakı quruculuq işlərində də onlara fayda verəcək, seçimlərində yanılmadıqlarına hər addımda əmin olacaqlar".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin