Məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı fonunda xaricdən ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri müşahidə olunur. Xüsusilə də, İrandan radikal çağırışlar və bəyanatlar səsləndirilir.
Təbii ki, belə bir şəraitdə əsas məsələ vətəndaşların baş verənlərə sağlam düşüncə ilə yanaşması, xaricdən yönləndirilən çağırışlarla ölkənin milli maraqlarına zidd məqsədlər güdən təbliğatın fərqinə varmasıdır.
“Heç kimin daxili işlərimizə qarışmağa haqqı yoxdur”
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Bizim.Media-ya açıqlama verib:
“Heç kəsin Azərbaycanın daxili işlərinə qarışmağa, Azərbaycana nəyi necə etməyi öyrətməyə ixtiyarı yoxdur. Biz suveren, müstəqil ölkəyik. Qərarlarımızı, milli-maraqlarımızı xalqın istəyinə uyğun qəbul edirik. Hansısa bir məsələdə xaricdən bizə göstəriş verilməsi və yaxud da irad tutulması qəbuledilməzdir”.
O, vahid məktəbli formasının bütün dünya ölkələrində, həmçinin, Azərbaycanda da tətbiq olunduğunu qeyd edib.
“Biz heç kəsin işinə qarışmırıq, heç kəsin də bizim işimizə qarışmasına imkan vermərik. Vahid məktbəli forması bütün dünyada var, o cümlədən, Azərbaycanda da tətbiq eidlir. Çox gözəl dizanyla hazırlanıb, şagirdlərin də, valideynlərin də xoşuna gəlir. Mən hər səhər minlərlə yeniyetmənin bu gözəl formada məktəbə getməsinin şahidi oluram” – deyə parlament üzvü fikirlərini tamamlayıb.
Bizim.Media




































































































