Çoxəsrlik tarixi, mədəni irsi, füsunkar təbiəti ilə daim dünyanın diqqət mərkəzi olan Avropada memarlıq nümunələrinin, park və qoruqların mühafizəsinə xüsusi diqqət yetirilir. Lakin bütün bu mühafizə mexanizmlərinə, ictimai çağırışlara baxmayaraq, dünyanın ən mədəni qitəsinin iri şəhərlərində memarlıq nümunələrinə qarşı vandalizm hallarına mütəmadi rast gəlinir.
Xüsusilə gənclər arasında tarixi abidələrə yazı yazılması, heykəl və tikililərin üzərinə müxtəlif hərf və emblemlər cızılması, bəzən hətta təhqiramiz ifadələr də müşahidə olunur. Bu da onu göstərir ki, maarifləndirmə hər nə qədər aktual olsa da, həmişə təsirli vasitə deyil. Belə olduqda isə daha effektiv üsul olaraq sərt inzibati və hüquqi tədbirlərə əl atmaq lazım gəlir. Bu səbəbdən Avropanın müxtəlif şəhərlərində vandalizmə görə yüksək məbləğdə cərimələr, ictimai işlər kimi cəzalar tətbiq olunur.
İstənilən halda bu mənzərənin arxasında düşündürücü bir reallıq durur: yüksək standartları ilə seçilən cəmiyyətlərdə də vandalizm qaçılmazdır
Fransa
Öncə Avropanın mədəniyyət mərkəzi hesab edilən Fransadan başlayaq. Fransada qraffiti və “tag”lər küçə mədəniyyətinin və şəhər mühitinin bir hissəsi kimi geniş yayılsa da, mülkiyyətçinin və ya səlahiyyətli qurumun icazəsi olmadan əmlak üzərində yazı, işarə və ya təsvir yerləşdirilməsi hüquqi məsuliyyət yarada bilər. Belə əməllər zərərin xarakterindən, əmlakın hüquqi statusundan asılı olaraq müxtəlif səviyyələrdə cəzalandırılır.

Fransa Cinayət Məcəlləsi yüngül zərər hallarında əsasən cərimə və ictimai faydalı iş, daha ciddi zərər hallarında isə həbs və daha yüksək məbləğdə cərimə tətbiq olunur. Yüngül zərər hallarında təqsirkar şəxs 3 750 avroyadək cərimə və ictimai faydalı iş cəzası ilə üzləşə bilər. Müəyyən hallarda cinayət təqibinin sabit cərimənin ödənilməsi ilə başa çatdırılması da mümkündür. Bu cərimə 200 avro, azaldılmış halda 150 avro, artırılmış halda isə 450 avro təşkil edir.
7 ilədək həbs, 100 min avro cərimə
Daha ciddi əmlak zədələnməsi zamanı 2 ilədək həbs və 30 000 avroyadək cərimə nəzərdə tutulur. Bundan əlavə, məhkəmə təqsirkar şəxsin vurulmuş zərərin aradan qaldırılması ilə bağlı xərcləri ödəməsini də tələb edə bilər. Buraya qraffitinin silinməsi, səthin təmizlənməsi və əmlakın əvvəlki vəziyyətinə qaytarılması üçün görülən işlərin xərcləri daxildir.
Tarixi abidələr isə Fransada xüsusi hüquqi müdafiəyə malikdir. Tarixi abidə üzərində yüngül zərər yaradan icazəsiz yazı və ya təsvir müəyyən ağırlaşdırıcı hallarda 5 ilədək həbs və 75 000 avroyadək cərimə ilə nəticələnə bilər. Əgər hərəkət nəticəsində abidəyə ciddi və davamlı zərər vurulubsa, 7 ilədək həbs və 100 000 avroyadək cərimə nəzərdə tutulur.
Qaya divarları, uçurumlar və digər təbii qaya formaları da müəyyən ərazilərdə xüsusi hüquqi qorunma altındadır. Əgər qaya və ya ərazi “təbii abidə” və ya qorunan ərazi statusuna malikdirsə, onun görünüşünün və ya təbii vəziyyətinin icazəsiz dəyişdirilməsi 6 ayadək həbs və 30 000 avroyadək cərimə səviyyəsinə çata bilər.
Almaniyada tarixi qraffitilərə münasibət fərqlidir
Amma burada maraqlı bir fərq var: müasir dövrdə icazəsiz çəkilən qraffitilər qanunla cəzalandırılsa da, tarixi qraffitilərə münasibət fərqlidir. Orta əsrlərdən, keçmiş həbsxana həyatından və ya əvvəlki dövrlərdə hərbçilər tərəfindən yaradılmış yazı və təsvirlər tarixi mənbə kimi qiymətləndirilə bilər. Bu cür qədim qraffitilər müəyyən hallarda mədəni irsin bir hissəsi hesab olunur və qorunur. Bu baxımdan əsas fərq qraffitinin nə vaxt, hansı şəraitdə və hansı məqsədlə yaradılmasıdır.

Almaniya da təbiət və tarixi-mədəni irs nümunələrinə qarşı törədilən vandalizmdən əziyyət çəkən Avropa ölkələrindəndir. Məsələn, təkcə bu il “Sakson İsveçrəsi” (Sächsische Schweiz) Milli Parkında qayalara və abidələr daxil olmaqla ümumilikdə 18 obyekt zədələnib, üzərinə hərflər cızılıb.
Polisin məlumatında yazıların sadə boya ilə çəkilmədiyi, müxtəlif mexaniki alətlər, o cümlədən çəkic və s. istifadə edilməklə həkk olunduğu bildirilib. Bəzi yazıların dərinliyi təxminən 5 santimetr olub. Zədələnən obyektlər arasında təxminən 120 yaşlı ağac da olub. İş ilə əlaqədar təqsirkarı 3 ilədək azadlıqdan məhrumetməyə qədər cəza nəzərdə tutulur.
Bundan başqa, Uraxer Şəlaləsi (Uracher Wasserfälle) ərazisindəki qayalara, adı UNESCO Dünya İrsi siyahısına daxil olan Potsdamdakı XVIII əsrə aid “Sanssouci” saray və park kompleksinə də turistlər daim adlarını və gəlmə tarixini yazırlar. Uraxer şəlaləsinin olduğu ərazi bütövlükdə təbiət qoruğunun daxilində yerləşir, eyni zamanda, geotop və meşə biotopu kimi qorunur. Buradakı qayaların və xüsusilə kalktuf formasiyalarının həssas olması problemi daha da ciddi edir. Ziyarətçilərin cığırdan çıxması və qayalıqlara müdaxilə etməsi təbii proseslərə zərər verə bilər.
Məsələnin ən çətin tərəfi odur ki, problem sistemli xarakter daşıdığı üçün xərclər də kifayət qədər böyük olur. 2019-cu ildə vandalizm hallarının nəticələrinin aradan qaldırılmasına ildə 100-250 min avro arasında vəsait xərclənir. Təkcə 2022-ci ildə 236 vandalizm hadisəsi və əlavə 117 qraffit halı qeydə alınıb.
Avropada tarixi binalardan qraffitilərin silinməsinə hər il 2 milyard avro xərclənir
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələrində mədəni irsə qarşı vandalizm ciddi hüquq pozuntusu kimi qəbul edilir və “küçə sənəti” kimi qiymətləndirilmir. Avropa Şurası səviyyəsində Avropanın memarlıq irsinin qorunmasına dair Qranada Konvensiyası qüvvədədir və dövlətləri mühafizə olunan obyektlərə qarşı qəsdlərə görə adekvat (cinayət və ya inzibati) məsuliyyət müəyyən etməyə çağırır. Avropa Komissiyası Aİ-də tarixi binalardan qraffitilərin silinməsinə illik xərclərin təxminən 2 milyard avro təşkil etdiyini bildirir.
Macarıstan
Tarixi abidələri ilə Avropanın bənzərsiz ölkələrindən olan Macarıstanın Budapeşt şəhərində binaların fasadlarına qraffiti çəkilməsi müntəzəm olaraq ictimai tənqidə məruz qalır. Azadlıq meydanında Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi geniş rezonans doğurmuş və yüzlərlə şəhər sakininin etirazına səbəb olmuşdu.

Macarıstanın tarixi abidələrinin ölkə hüdudlarından kənarda təhqir edilməsi halları da qeydə alınır. 2026-cı ilin avqustunda Slovakiyanın Rimavská Sobota (Rimasombat) şəhərində macar husarlarına həsr olunmuş abidənin vandalizmə məruz qalması Macarıstan Alyansının nümayəndələrinin rəsmi qınağına səbəb olmuşdu.
Çexiya
Ən xoşagəlməz nümunələrdən biri Çexiyanın paytaxtı Praqadakı Karl körpüsündə mütəmadi olaraq baş verən vandalizm aktlarıdır. Körpüdə XVII–XVIII əsrlərə aid müqəddəslərin heykəlləri yerləşir. Şəhər hakimiyyətləri və abidələrin mühafizəsi üzrə qurumlar qraffitilərin peşəkar restavratorlar tərəfindən operativ şəkildə silinməsini təşkil edir.

Təqsirkarlar, o cümlədən əcnəbi turistlər cinayət məsuliyyətinə cəlb olunur, onlara cərimələr tətbiq edilir, bəzi hallarda isə ölkədən deportasiya və giriş qadağası verilir. Məsələn, iki Almaniya vətəndaşına beş il müddətinə Çexiyaya giriş qadağan edilmişdir. Praqa meri bu cür hərəkətləri açıq şəkildə “mədəni barbarlıq” adlandırıb.
Belçika
Belçikanın Brüssel şəhərində UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Qran-Plas meydanında vandalizm halları mütəmadi olaraq baş verir. Xüsusilə 2014, 2015, 2017 və 2025-ci illərdə körpə İsanın fiqurunun oğurlanması və başının kəsilməsi kimi hallar qeydə alınıb.

Bundan əlavə, mətbuatda Mont des Arts ərazisində nasist qraffitinin xroniki xarakter daşıdığı xüsusi qeyd edilir.
Nəticə etibarilə, Aİ ölkələrində abidələrə qarşı vandalizm real və ağır hüquqi sanksiyalarla müşayiət olunan hüquq pozuntusu hesab edilir. Zədələnmiş obyektlərin bərpası zamanı videomüşahidə, qoruyucu örtüklər, sürətli təmizləmə və polis nəzarəti tətbiq olunur. Mətbuat isə yalnız informasiya verməklə kifayətlənmir, eyni zamanda ictimai qınaq formalaşdırır və hüquq-mühafizə orqanlarının araşdırmanı sürətləndirməsinə ictimai təzyiq yaradır.
Bizim.Media

































































































