Azərbaycanda müxtəlif sahələrdə çalışanların sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Bunun növbəti nümunəsi səhiyyə sistemində TƏBİB tabeliyində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması ilə bağlı verilən yeni qərardır. Sentyabrın 1-dən qüvvəyə minən dəyişikliklərlə əməkhaqqı vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr ehtiyacı nəzərə alınmaqla diferensial şəkildə artırılır. İslahat çərçivəsində tibb işçilərinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, peşəkarlığın və xidmət keyfiyyətinin artırılması da hədəflənir.
Bu addım cəmiyyətdə digər dövlət sektorlarında çalışanların, xüsusilə müəllimlərin də əməkhaqlarının artırılması məsələsini yenidən gündəmə gətirir. Hazırda müəllimlərin əməkhaqları onların həftəlik dərs yükü, iş təcrübəsi, vəzifəsinə görə müəyyənləşir.
MÖVZU İLƏ BAĞLI:
Qadınların kişiləri sürətlə əvəz etdiyi PEŞƏ - Uşaqlar da gələcəklərinə onlara baxıb QƏRAR VERİRLƏR
Sertifikasiyadan keçən müəllimlərin əməkhaqlarına isə nəticədən asılı olaraq, maaşın 10 və 35 faizi olmaqla əlavələr edilir.
Bəs hazırda müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı hansı gözləntilər var?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli deyib ki, qərar xüsusilə regionlarda mütəxəssis çatışmazlığının aradan qaldırılmasına və tibbi xidmətlərin yaxşılaşmasına müsbət təsir göstərəcək:

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həkimlərin əmək haqları ilə bağlı təşəbbüsü təkcə tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması müstəvisində deyil, daha geniş anlamda dəyərləndirilməlidir. Bu təşəbbüs tibb işçiləri ilə yanaşı, həm də səhiyyə xidmətindən istifadə edən vətəndaşlarımız üçün də önəmlidir. Çünki əməkhaqlarının azlığı səbəbindən, xüsusilə də regionlarda ciddi mütəxəssis problemi yaşanır və bu səbəbdən, pasientlər əksər hallarda Bakı şəhərinə üz tutmaq məcburiyyətində qalırlar.
Düşünürəm ki, tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qərar, tibb personalı ilə bağlı həm də qəsəbə və kəndlərdəki tibb məntəqələrinin mövcudluğuna da müsbət təsir göstərəcək”.
Müəllimlərin əmək haqlarına gəldikdə isə deputat qeyd edib ki, təhsilverənlərin əməkhaqları bir sıra amillərdən asılı olaraq dəyişir:
“Məlum olduğu kimi Elm və Təhsil Nazirliyi müəllimlərin əməkhaqlarının artırılmasını, əsasən diferensial, yəni müəllimin peşəkarlığını, dərs yükünü, əlavə funksiyaları və əmək şəraitini nəzərə almaqla həyata keçirir. Müəllim sertifikatlaşdırmanın test və müsahibə mərhələlərindən uğurla keçdikdə onun əməkhaqqına əlavə tətbiq edilir.
Bundan başqa, müəllimin əməkhaqqısının əsas hissəsi həftəlik dərs yükü üzrə müəyyən edilir. Dərs saatlarının artması əməkhaqqına birbaşa təsir göstərir. Lisey, gimnaziya, internat və xüsusi təhsil müəssisələrində dərs deyən müəllimlərə, eləcə də yüksək dağlıq, susuz, ağır və ya zərərli əmək şəraitli ərazilərdə çalışan işçilərə isə əlavə ödənişlər tətbiq olunur.
Bu əlavələrin məbləği iş yerinin xüsusiyyətindən və əmək şəraitindən asılı olaraq fərqlənir. Pedaqoji ixtisas üzrə təhsil almış, yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb edilməsi üçün aylıq stimullaşdırıcı əlavələr də var”.
Milli Məclisin üzvü hesab edir ki, müəllimlərin əməkhaqlarının artırılması yalnız birdəfəlik tarif artımı kimi deyil, davamlı və ədalətli maliyyələşdirmə modeli kimi nəzərdən keçirilməlidir:
“Qanunvericilik dövlət ümumi təhsil müəssisələrində müəllimlərin sosial müdafiəsinə dövlət təminatı verir, vəzifə maaşı və əlavələrin səlahiyyətli dövlət orqanı tərəfindən müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda, məktəblərin sərəncamında olan büdcədənkənar vəsait hesabına əlavə stimullaşdırıcı ödənişlər verməsinə imkan yaradır.
Bununla yanaşı, düşünürəm ki, müəllimin işi yalnız şagirdin imtahan balı ilə ölçülə bilməz. Daha etibarlı model dərs müşahidəsi, sertifikatlaşdırma, peşəkar inkişaf, həmkarlarla əməkdaşlıq, mentorluq, inklüziv tədris, davamiyyət və məktəb üzrə ümumi inkişaf göstəricilərinin birlikdə nəzərə alınmasıdır.
Qeyd edim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) da öz hesabatlarında fərdi nəticəyə bağlı əməkhaqqı modellərinin təsirinin birmənalı olmadığını, hədəfli əlavələrin və yerli şəraitə uyğunlaşdırılmış sistemlərin daha məqsədəuyğun olduğunu vurğulayır.
Beynəlxalq təcrübədə əmək haqları və mükafatlandırmalarla bağlı dövlət məktəblərində bir neçə model geniş yayılıb.
Məsələn, Sinqapur təcrübəsində müəllimin yalnız inzibati rəhbər vəzifəyə keçməklə deyil, tədris və metodiki liderlik sahəsində irəliləməsi üçün karyera pillələri yaradılıb. Tədris, idarəetmə və baş mütəxəssis istiqamətləri müəllimə sinifdən uzaqlaşmadan daha yüksək məsuliyyət və karyera inkişafı imkanı verir. Bu yanaşmanın mühüm üstünlüyü ondan ibarətdir ki, güclü müəllimlərin məktəbdə qalması və digər müəllimlərə mentorluq etməsi stimullaşdırılır.
Avstraliyada ucqar bölgələrdə yerləşən dövlət məktəbləri üçün ayrıca paket tətbiq edilir. Paketə illik regional əlavə, təcrübəli müəllim üçün əlavə ödəniş, işə qəbul bonusu, köçürülmə xərcləri, kirayə subsidiyası və peşəkar inkişaf imkanları daxildir. Bu təcrübə göstərir ki, regionlarda kadr problemini yalnız maaşla deyil, yaşayış və peşəkar dəstək elementləri ilə birlikdə həll etmək daha səmərəlidir.
Bütövlükdə isə, qənaətimə görə, müəllimlərin əmək haqları ilə bağlı məsələdə dayanıqlı maaş siyasəti “hamıya eyni artım” və ya “yalnız sertifikatlaşdırma və ya test nəticəsinə görə bonus” yanaşmalarından daha geniş olmalıdır. Ən səmərəli model müəllimin layiqli baza maaşını, peşəkar inkişafını, əlavə məsuliyyətini və işlədiyi şəraitin çətinliyini birlikdə dəyərləndirən sistemin tətbiqidir”.
Günay Şahmar, Bizim.Media


































































































