İran parlamentində Hörmüz boğazı və Fars körfəzində gəmiçilik qaydalarını sərtləşdirməyi nəzərdə tutan yeni qanun layihəsi müzakirə olunur.
"Fars" agentliyinin məlumatına görə, təklif edilən yeni sənəd qəbul olunacağı təqdirdə ABŞ, İsrail və Tehran tərəfindən "düşmən dövlət" elan edilən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidi tamamilə qadağan ediləcək.
Eyni zamanda, İsraillə əlaqəli hərbi və ya mülki təyinatlı istənilən yüklərin tranziti bloklanacaq, "müqavimət oxu"na qarşı yönəlmiş əməliyyatlarda iştirak edən gəmilər saxlanılacaq və İrana zərər vurduğu iddia olunan tərəflərdən kompensasiya ödənilənədək keçidə icazə verilməyəcək.
Qanun layihəsində bu qaydaları pozanlara qarşı yükün dəyərinin 20 faizi qədər cərimələrin tətbiqi də nəzərdə tutulur. Dəniz trafikinə nəzarət, təhlükəsizliyin təmin olunması və ekologiyanın qorunması isə birbaşa İran hökuməti və silahlı qüvvələrinin məsuliyyətinə həvalə edilir.
Qeyd edək ki, sənəd hələlik müzakirə mərhələsindədir və qüvvəyə minməyib.
Lakin sözügedən qadağanın dünya iqtisadiyyatına, o cümlədən regional vəziyyətə ciddi təsir göstərəcəyi aydın görünür.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən AMİP sədri Arzuxan Əlizadə deyib ki, İranın ABŞ, İsrail və özünün “düşmən” hesab etdiyi digər dövlətlərin gəmilərinin Hörmüz boğazından keçidini məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsini hazırlaması təsadüfi addım deyil:
“Tehran bununla Hörmüz boğazına nəzarət imkanını siyasi və geosiyasi təzyiq vasitəsinə çevirmək istəyir.
Hesab edirəm ki, bu təşəbbüsün qanunvericilik baxımından reallaşması mümkündür, çünki layihə artıq İran parlamentində müzakirə olunur. Lakin onun beynəlxalq səviyyədə tam və effektiv şəkildə tətbiqi kifayət qədər mürəkkəb məsələdir.
Hörmüz boğazı yalnız İranın deyil, dünya enerji və ticarət sisteminin həyati əhəmiyyət daşıyan marşrutudur və burada birtərəfli məhdudiyyətlər ciddi beynəlxalq reaksiyalara səbəb ola bilər. Üstəlik, ABŞ-ın bölgədə hərbi-dəniz imkanlarını artırması və boğaz üzərindən təzyiqi davam etdirməsi fonunda belə bir qərar qarşıdurmanı daha da dərinləşdirə bilər.
Buna görə düşünürəm ki, İranın əsas məqsədi bu mərhələdə Hörmüzü tamamilə bağlamaqdan daha çox, boğaz üzərindəki strateji mövqeyindən ABŞ-la danışıqlarda və regional qarşıdurmada əlavə siyasi rıçaq kimi istifadə etməkdir”.
Surxay Atakişiyev, Bizim.Media




























































































