İnformasiya müharibələrinin sərhəd tanımadığı, süni intellektin media sektorunu kökündən dəyişdirdiyi, dezinformasiyanın qlobal təhlükəsizlik məsələsinə çevrildiyi bir dövrdə beynəlxalq media platformalarının əhəmiyyəti heç vaxt olmadığı qədər artıb.
Məhz belə mürəkkəb geosiyasi və informasiya reallığında keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı və Zəfərin rəmzi deyil, həm də qlobal media və siyasi dialoqun yeni ünvanıdır.
"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan Forum dünyanın 53 ölkəsindən 160-a yaxın media rəhbərini, eksperti və rəsmi şəxsi bir araya gətirdi. İki gün ərzində keçirilən panel sessiyaları, təkbətək müzakirələr və interaktiv görüşlər göstərdi ki, Şuşa artıq beynəlxalq media təqvimində xüsusi yer tutan nüfuzlu platformaya çevrilib.
Yüksək təşkilatçılıq beynəlxalq etimadın göstəricisi kimi
IV Şuşa Qlobal Media Forumunun diqqət çəkən cəhətlərindən biri növbəti dəfə yüksək təşkilatçılıq səviyyəsi oldu. İştirakçıların sayının əvvəlki illərlə müqayisədə daha da artmasına baxmayaraq, tədbirin bütün proqramı peşəkar şəkildə həyata keçirildi.
Medianın İnkişafı Agentliyi artıq dördüncü dəfədir ki, belə böyükmiqyaslı beynəlxalq tədbirin təşkilini uğurla reallaşdırır. Bu isə təsadüfi deyil. Son illərdə formalaşan təcrübə Şuşa Forumunu hər detalı dəqiqliklə düşünülmüş beynəlxalq platformaya çevirib.
Forum iştirakçıları yalnız panel müzakirələrində iştirak etməklə kifayətlənmədilər. Onlar Şuşada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış oldular, Xankəndidə Zəfər parkını, Xocalıda "Xocalı Soyqırımı Memorialı"nı ziyarət etdilər. Bu səfərlər Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətini beynəlxalq media nümayəndələrinə birbaşa göstərmək baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Əslində, Forumun təşkilati modeli artıq ayrıca uğur nümunəsinə çevrilib. Burada yaradılan şərait, peşəkar logistika, açıq dialoq mühiti və beynəlxalq standartlara uyğun proqram iştirakçılarda Azərbaycan haqqında müsbət təsəvvür formalaşdıran mühüm amillərdən biridir.
Şuşa Forumu yenə də qlobal trendləri qabaqladı
Şuşa Qlobal Media Forumunun ən mühüm xüsusiyyətlərindən biri onun hər il qlobal gündəliyi qabaqlayan mövzular seçməsidir.
Əvvəlki illərdə keçirilən forumlarda "4-cü Sənaye İnqilabı", "Yeni media", "Dezinformasiyaya qarşı mübarizə", "Süni intellekt dövründə media dayanıqlılığı" kimi mövzular müzakirəyə çıxarılmışdı. Sonrakı dövrdə isə məhz həmin istiqamətlər dünya media ictimaiyyətinin əsas gündəminə çevrildi.
Ənənəyə çevrilən yanaşma
Hazırda dünyada eyni vaxtda bir neçə böyük münaqişə davam edir. Yaxın Şərqdə, Ukraynada və digər bölgələrdə informasiya manipulyasiyası silahlı qarşıdurmalar qədər təhlükəli alətə çevrilib. Süni intellekt texnologiyalarının sürətli inkişafı isə "deepfake", saxta vizual materiallar və rəqəmsal dezinformasiya risklərini daha da artırıb.
Belə şəraitdə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu sadəcə nəzəri müzakirə deyil, qlobal informasiya təhlükəsizliyinin əsas istiqamətlərindən biri kimi çıxış edir.
Əslində, Forum bir daha göstərdi ki, müasir dövrdə media artıq yalnız xəbəri çatdıran vasitə deyil. Media ictimai rəy formalaşdırır, diplomatik proseslərə təsir göstərir, beynəlxalq münasibətlərin mühüm iştirakçısına çevrilir. Bu baxımdan Şuşada aparılan müzakirələr gələcək media strategiyalarının formalaşdırılmasına ciddi töhfə verir.
Şuşa artıq beynəlxalq media diplomatiyasının mərkəzidir
Dörd il əvvəl yaranan platformanın qısa müddətdə qazandığı beynəlxalq nüfuz xüsusilə diqqət çəkir.
İlk forumdan indiyədək onlarla ölkənin informasiya agentlikləri, televiziya kanalları, qəzetləri, ekspertləri və beynəlxalq təşkilatları Şuşaya gəlib. Bu il də dünyanın müxtəlif qitələrindən media rəhbərlərinin iştirakı Forumun beynəlxalq statusunun daha da möhkəmləndiyini göstərdi.
Diqqət çəkən digər məqam Forumun yalnız iştirakçı sayı ilə deyil, yaratdığı informasiya effekti ilə də seçilməsi oldu.
Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərlə keçirdiyi açıq dialoq dünyanın aparıcı media qurumlarının əsas xəbərinə çevrildi.
Türkiyənin Anadolu Agentliyi, TRT Avaz, Hürriyet, Milliyet, Haber Global və digər aparıcı media qurumları Prezidentin Türkiyə-Azərbaycan münasibətləri, Şuşa Bəyannaməsi və regional əməkdaşlıq barədə fikirlərini geniş yayımladı.
Rusiyanın TASS, RİA Novosti, İnterfaks, İzvestiya, Kommersant, Vedomosti və digər nüfuzlu media qurumları Azərbaycan-Rusiya münasibətlərinin normallaşması, regional təhlükəsizlik və Avropa institutları ilə münasibətlərə dair bəyanatları ön plana çıxardı.
Ukrayna, İran, Gürcüstan, Qazaxıstan, Pakistan, İordaniya, Rumıniya, Misir, Serbiya, Belarus, Latviya, Vyetnam, Çili, Kuba və digər ölkələrin aparıcı media qurumları da Forumdan geniş reportajlar hazırladılar.
Hətta Euronews və Yahoo News kimi transmilli media platformaları belə Şuşadan yayılan mesajları qlobal auditoriyaya çatdırdı.
Bu fakt təsdiq edir ki, Şuşada səslənən fikirlər artıq yalnız Azərbaycanın informasiya məkanında deyil, beynəlxalq media gündəmində də ciddi rezonans doğurur.
Prezident İlham Əliyevin mesajları
IV Şuşa Qlobal Media Forumunun ən mühüm hadisəsi Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə ənənəvi görüşü oldu.
Dövlət başçısı regional və qlobal gündəmin demək olar ki, bütün əsas məsələlərinə toxundu.
Azərbaycanın Avropa qurumları ilə münasibətləri, enerji təhlükəsizliyi, ABŞ və Rusiya ilə əlaqələr, Zəngəzur dəhlizi, Türkiyə ilə müttəfiqlik münasibətləri, Yaxın Şərqdə gərginlik, Rusiya-Ukrayna müharibəsi, beynəlxalq hüququn selektiv tətbiqi, müstəmləkəçilik siyasəti və qlobal təhlükəsizlik məsələləri ətrafında səslənən fikirlər dünya mediasında geniş şəkildə işıqlandırıldı.
Prezident İlham Əliyevin Azərbaycanın artıq regional aktordan daha böyük siyasi çəkiyə malik dövlət – orta güc kimi çıxış etməsi barədə mesajları xüsusi diqqət çəkdi.
Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda etibarlı tərəfdaş, beynəlxalq dialoq məkanı və regional sabitliyin əsas təminatçılarından biridir.
Forum zamanı Prezidentin gənclərə ünvanladığı çağırış da xüsusi əhəmiyyət daşıyırdı. Milli kimliyin, milli ləyaqətin, dövlətçilik düşüncəsinin qorunması ilə bağlı səsləndirilən fikirlər gələcək nəsillərə verilən strateji mesaj kimi yadda qaldı.
Şuşa - siyasi düşüncənin yeni ünvanı
Bu gün dünyada elə şəhərlər var ki, onların adı artıq təkcə coğrafi məkan deyil, müəyyən siyasi məktəbi və ya beynəlxalq dialoq platformasını ifadə edir. Son illərdə Şuşa da məhz belə şəhərlər sırasında yer almağa başlayıb.
Əgər bir Forum ardıcıl dörd il keçirilirsə, iştirakçı sayı durmadan artırsa, burada müzakirə olunan mövzular sonradan qlobal gündəliyə çevrilirsə və dünya mediası tədbiri diqqətlə izləyirsə, deməli, həmin platforma artıq beynəlxalq institut statusu qazanmağa başlayıb.
IV Şuşa Qlobal Media Forumu bunu bir daha təsdiqlədi. Artıq Şuşa yalnız Qarabağın tacı və Azərbaycanın mədəniyyət paytaxtı deyil. Şuşa beynəlxalq media diplomatiyasının, siyasi dialoqun, informasiya təhlükəsizliyi üzrə qlobal müzakirələrin və gələcəyin media strategiyalarının formalaşdırıldığı nüfuzlu mərkəzə çevrilməkdədir.
Vaxtilə Şuşanın azad olunması ilə Azərbaycan hərbi-siyasi tarixini dəyişdi. Bu gün isə Şuşada keçirilən beynəlxalq forumlar göstərir ki, həmin Zəfər artıq yeni geosiyasi düşüncə, media diplomatiyası və qlobal əməkdaşlıq platformasının əsasına çevrilib.
Məhz buna görə də Şuşadan verilən mesajlar təkcə Azərbaycanın deyil, bütövlükdə regionun və beynəlxalq informasiya məkanının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi və media hadisəsi kimi tarixə düşür.
Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

































































































