Ermənistanda seçkiöncesi gərginlik pik həddə çatıb və revanşist düşərgənin başında dayanan Robert Köçəryanın adı növbəti qanlı hadisələrdə hallanır.
Bizim.Media xəbər verir ki, bu barədə "Minval Politika" Birinci Qarabağ müharibəsi ilə bağlı indiyədək məlum olmayan şok faktları açıqlayıb.
Məlumata görə, Bakıda həbsdə olan erməni hərbi cinayətkarlar öz ifadələrində Köçəryanın hakimiyyət naminə öz hərbçilərini tələyə saldığını ifşa ediblər. Belə ki, 1992-1993-cü illərdə Ağdərə-Kəlbəcər istiqamətində keçirilən əməliyyatların biri zamanı Köçəryanla Ermənistan Müdafiə Nazirliyi arasında ciddi ixtilaf yaranıb.
Öz haqlılığını və "əvəzolunmazlığını" sübut etmək istəyən Köçəryan 100-ə yaxın erməni hərbçinin Azərbaycan tərəfinin mühasirəsinə düşməsinə şərait yaradıb, hətta əməliyyat barədə məlumatın Azərbaycan ordusuna sızdırılmasını təşkil edib. Nəticədə həmin hərbçilər tamamilə məhv edilib.
Məqalədə qeyd olunur ki, Robert Köçəryan karyerası boyu hakimiyyətə gəlmək və onu qorumaq üçün hər zaman qandan bir alət kimi istifadə edib. Erməni disidentlərinin də təsdiqlədiyi kimi, o, 1992-ci ildə Qarabağdakı separatçıların ilk liderlərindən olan Artur Mkrtçyanın qətlində, Levon Ter-Petrosyana qarşı yönəlmiş "sürünən çevrilişdə", həmçinin 1999-cu ildə Ermənistan parlamentində baş verən və onun əsas rəqibləri olan Karen Demirçyanla Vazgen Sarkisyanın ölümü ilə nəticələnən güllələnmədə ittiham olunur.
2008-ci ilin martında İrəvanda dinc nümayişçilərə qarşı ordunun silah işlətməsi və Sumqayıt hadisələrində onun emissarlarının rolu da bu qanlı siyahının tərkib hissəsidir.
Bu gün Ermənistanda özünü "qəhrəman" kimi qələmə verən Köçəryan, 2020-ci ildə Vətən müharibəsi zamanı Moskvaya danışıqlara getmək əvəzinə saxta "koronavirus testi" ilə qorxub qaçdığını gizlətməyə çalışır. İndi isə o, seçkilərdə qalib gəlməyəcəyi təqdirdə ölkədə yeni bir vətəndaş müharibəsi və "inqilab" vəd edir.
Xatırladaq ki, Xocalı soyqırımında iştirakına görə beynəlxalq axtarışda olan Köçəryanın bu avantüraları fonunda, Ermənistan seçicilərinin düşünmək üçün cəmi bir gündən az vaxtı qalıb.
Bizim.Media



































































































