“İncimək - ziyalının ən böyük silahı budur”
“Gerçək ziyalı ölümündən sonra yaşayır”
“Əsl siyasətçi üçün vəzifə, hakimiyyət xalqa xidmət vasitəsidir”
Yəqin hər kəs etiraf edər ki, xalqın, vətənin dar günündə həqiqi ziyalı tərəfindən səslənən fikirlər sadəcə söz olaraq qalmır, bəzən bütöv bir xalqa, bütöv bir topluma nicat yolunu göstərməklə onu düşdüyü fəlakətdən xilas edir. Kütləvi çaşqınlıq və çarəsizlik içində olan xalq bəzən bir ziyalının zəka nuru sayəsində ayağa qalxaraq yenidən toparlanmağı, özünə dönməyi bacarır ki, bu da ziyalının millət üçün hər kəsdən daha böyük önəm kəsb etdiyini göstərir. Bu mənada heç şübhəsiz ki, gerçək ziyalını millətin mənəvi xilaskarı hesab etmək olar. "Hürriyyət" qəzeti və Moderator.az saytına müsahibə verən Azərbaycan xalqının dünya şöhrətli alimi, professor Rafiq Əliyevlə söhbətimizdə ziyalı missiyası və bu missiyanın əhəmiyyətinə diqqət çəkməklə yanaşı, Azərbaycan cəmiyyətindəki mənfi tendensiyalarla mübarizə imkanlarını da araşdırmağa çalışdıq.
-Rafiq müəllim, öncə son günlərin ən çox müzakirə olunan məsələlərindən biri ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Sizcə ziyalının vətəndaş mövqeyi olmalıdırmı? Yoxsa ziyalı sadəcə elmi yaradıcılığı ilə məşğul olmalı və ictimai-siyasi proseslərin tamaşaçısı qismində çıxış etməlidir?
-Şübhəsiz ki, ziyalının vətəndaş mövqeyi olmalıdır. Ola bilsin ki, kimsə çox böyük bir sənətkar və ya çox böyük bir alim olsun. Amma onun məhsulu yalnız özü üçündür. Əgər söhbət ziyalıdan gedirsə, onu səciyyələndirən ən önəmli atribut onun nailiyyətlərindən öncə onun vətəndaşlığıdır. Bu mənada əlbəttə ki, ziyalının vətəndaş mövqeyi olmalıdır. Onun ictimai fikrə təsir qabiliyyəti olmalıdır. Bəzən bizdə hər oxumuşa ziyalı deyirlər. Bu, yanlışdır. Kiminsə ensiklopedik biliyi varsa, həmin şəxs ziyalı kimi xarakterizə edilir. Azərbaycanda, xüsusilə kənd yerlərində bəzən hər hansı bir şəxs haqqında söhbət gedəndə bildirilər ki, “o, alim adamdır, hər şeyi bilir”. Hər şeyi bilmək alimlik demək deyil. Hər şeyi bilmək, çox oxumaq, çox informasiyaya sahib olmaq o qədər də ağıllı olmaq demək deyil. Önəmli olan budur ki, sən o ağlı nəyə sərf edirsən. Sənin ağlından xalqın yoluna bir işıq düşürmü? Əgər bunu bacaran, buna nail olan alimmi, sənət adamımı, fikir adamımı varsa, onu ziyalı adlandırmaq olar. Mən məhz belə adamlara ziyalı deyərəm. Bəzən deyirlər ki, Azərbaycanda o qədər ziyalılar var ki... Mən düşünmürəm ki, hər hansı bir millətin ”“ istər alman, istər fransız, istər türk milləti olsun, onun ziyalıları həddən ziyadə çoxdur. Ziyalı üç, beş və ya on olar. Bu, millətin sayından asılı olaraq az və ya çox ola bilər. Elə bu da kifayət edər. Lakin millətin, xalqın düzgün inkişafı, onun mənəvi dəyərlərinin qorunması o halda mümkün ola bilər ki, həqiqətən də bu qədər ziyalı olsun. O fikir adamı ki, milli-ictimai mənafeyi heç deyilsə, bir damcı öz mənafeyindən üstün tutur, həmişə xalqın, həqiqətin yanındadır, o zaman həmin şəxsə ziyalı demək olar.
-Son vaxtlar cəmiyyətin demək olar ki, bütün təbəqələrində ziyalılarla bağlı gözləntinin əhəmiyyətli dərəcədə artdığı hiss olunur. Sizcə ziyalılara yönəlik gözləntinin artması nə ilə bağlıdır? Ola bilərmi ki, bu gözləntinin artmasının əsas səbəblərindən biri də xalqda siyasilərə olan inam və etimadın itməsidir?
-Ola bilsin ki, siz bunu Azərbaycan mühiti üçün deyirsiniz. Əslində bütün dünyada hər zaman ziyalı sözü, amma həqiqi ziyalının sözü siyasətçi sözündən üstün olub. Tarix boyu bütün sivil millətlərdə məmur sözü yox, ziyalı sözü ən önəmli söz sayılıb. Məmurun ömrü çox qısadır. Məmur ömrü ən yaxşı halda bioloji ömürdür. Bu ömür, 50 il, 60 il, 80 il ola bilər. Amma əsl ziyalı ölümündən sonra yaşayır. Buna görə ziyalı ömrü məmur ömründən uzundur. Sivil cəmiyyətlərdə insanların əksər hissəsi bunu anlayır. Onlar anlayırlar ki, əsl ziyalı hər zaman Allahın və həqiqətin yanındadır. Əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyir. Əsl ziyalı hər zaman xalqın yanında olan insandır. Bu baxımdan onun başqa meyarları olmur. Ziyalının vəzifə, maddiyyat meyarı yoxdur. Ziyalıya məxsus olan ən mühüm atributlardan biri də nəfsinə sahib ola bilməkdir. Sivil cəmiyyətlərdə insanlar başa düşür ki, bu şəxslərin başqa bir istəyi yoxdur. Görürsünüz ki, bəziləri söyləyir ki, siyasətçilər hakimiyyətə gəlmək istəyirlər. Onlar anlamırlar ki, hakimiyyətə gəlmək siyasətçinin işidir. Bu insanlar siyasətə buna görə gəlib, buna görə siyasi partiya yaradıb və buna görə mübarizə aparırlar. Əsl siyasətçi üçün vəzifə, hakimiyyət xalqa xidmət vasitəsidir. Bu baxımdan hakimiyyətə gəlmək siyasətçinin məqsədidir və onun umacağı var. Digər zümrələrin də nədənsə umacağı var. Amma ziyalının umacağı yoxdur. Çünki ziyalı nəfsinin öhdəsindən gəlir, maddiyyat onun üçün önəmli deyil, vəzifəyə can atmır və s. Mənim bir yazım vardı və orada göstərmişdim ki, Lütfüzadənin evi orta statistik azərbaycanlının evindən də aşağıdır. Nahar vaxtı Lütfüzadənin evinə gedəndə otaqda yalnız iki kətilin olduğunu görmüşəm. Hansı ki, biri özü üçün, digəri isə yoldaşı üçün nəzərdə tutulub. Ona görə də evə başqa bir adam gələndə üçüncü kətili ordan-burdan axtarıb tapmalı olurlar. Yediyinə gəlincə, burada da diqqət çəkən elə bir şey yoxdur. Mən toya çox az gedirəm. Xüsusilə həyat yoldaşımın vəfatından sonra toya ildə bir dəfə gedərəm, ya yox. Toylarda baxıb görürəm ki, ilahi, insanlar yeməyə nə qədər nəfslə aludə olurlar. Belə olanda düşünürəm ki, bu insanlar niyə yeməyə bu qədər ehtirasla aludə olur? Axı yemək sizin olmasa da, bu can ki, sizindir. Bu qədər nəfsə aludə olmaq nəyə lazımdır? Ziyalının belə umacağı yoxdur. Berkli Universitetində Soda Hall adlı böyük bir bina var. Binanın aşağısında tədris mərkəzini maliyyiləşdirən şəxslərin adı yer alıb ki, onlardan da biri Lütfi Zadədir. O, evinə stul almaq istəmir, amma tədris mərkəzini maliyyələşdirir. Əsl ziyalı belə olur. Amma sizin sözünüzə bir az opponentlik etmək istəyirəm. Görən həqiqətənmi Azərbaycan cəmiyyətində ziyalılara maraq, ziyalı sözünə ehtiyac bu qədər böyükdür? Əgər belədirsə, mən buna çox sevinərəm. Əgər belədirsə, deməli mənim millətim hələ ölməyib, sadəcə bir qədər öləziyib. Əsl ziyalılardan məhrum millət ölümə məhkumdur. Bu, aksiomdur.
-Ötənlərdə hüquqşünas Adil İsmayılov belə bir fikir səsləndirdi ki, Cəmil Həsənli ziyalılara münasibətdə bəzi etik normaları qoruyub saxlamağı zəruri sayır. Halbuki, ziyalılara qarşı daha sərt etik normalar tətbiq edilməlidr, çünki bu şəxslər davranış, kişilik etalonu olmalıdır. Sizcə bu məsələdə kimin mövqeyi daha doğru və dolğundur?
-Mənim hər iki şəxsiyyətə - həm Cəmil müəllimə, həm də Adil İsmayılova böyük hörmətim var. Onların ikisi də tənqidə açıq olan insanlardır. Mən onların ikisini də yaxşı tanıyıram və onların hər birinin bu məsələdə öz mövqeyi var. Onu deyim ki, ziyalı çox kövrək olur. Bunu hökmən nəzərə almaq lazımdır. Ziyalının heç bir şeydən umacağı olmadığı üçün o, gözükölgəli də deyil. Ziyalının daim həssas yanaşdığı bir məsələ var ki, bu da onun qürurudur. Ola bilsin ki, başqalarına nisbətən ziyalıda qürur hissi bir qədər çoxdur. Ziyalı hər şeydən özünü təcrid edən insandır. Bu, tam təcrid deyil. Nəfsinin öhdəsindən gəldiyi üçün bir çox şeydən özünü təcrid edib. Buna görə də ziyalılarla rəftar bir qədər hamar olmalıdır. Ziyalılar çox tez sınır. Mənim yadıma gəlmir ki, ömrümdə hardasa səsimi qaldırım. Nə auditoriyada, nə həmkarlarım, nə dostlarım arasında belə bir şey olmayıb. Sizin özünüzlə neçə vaxtdır ki, bir yerdəyik. Bir dəfə də olsun görmüsünüzmü ki, səsimi qaldırım? Lakin mənim bir silahım var. Mən inciyə bilərəm. Məncə ziyalının ən böyük silahı budur. Ziyalının gücü buna çatır. Amma bu, çox böyük gücdür. Ziyalı inciyirsə, özünü çox şeydən məhrum edir. Əsl ziyalı buna gedə bilir. Buna görə də Cəmil müəllim dediyi kimi, ziyalı ilə münasibətdə daha ədalətli, daha rahat olmaq lazımdır. Elə davranmaq lazımdır ki, ziyalı inciməsin. Təbii ki, burada söhbət əsl ziyalıdan gedir. O insan ki, rüşvətlə, yaltaqlıqla məşğul olur, onların inciyib-inciməməsinin elə bir əhəmiyyəti yoxdur. Sizə tarixdən bir misal deyim. Stalin atom bombasının hazırlanması üçün Kapitsa və Kurçatovu çağırır. Kapitsa Stalinə məktub yazır və bildirir ki, mən bu layihədə iştirak etmək istəmirəm. O, Nobel mükafatı alan, bütün dünyanın tanıdığı çox böyük fizik idi. Bu layihəyə isə Beriya rəhbərlik edirdi. Beriya bir neçə dəfə Stalinə bildirir ki, onu həbs etmək və ya öldürmək lazımdır. Stalin isə bildirir ki, o, alim və ziyalıdır. Onunla başqa cür rəftar etmək lazımdır. Baxın, hətta Satlin belə düşünür ki, ziyalı ilə kobud davranmaq olmaz. Doğrudur, onu bir qədər izolə edirlər. Lakin buna baxmayaraq, yenə də öz elmi fəaliyyəti ilə məşğul olur, laboratoriyasını yaradır. O, yuxarıda qeyd etdyimiz təcridi qəbul edə bilir. Amma görün dünya Kapitsa haqında nə düşünür. Kapitsa hansı ölkəyə gedirdisə bütün fiziklər onu ayaqüstə, hörmət və ehtiramla qarşılayırdı. Ziyalılar kövrək insanlardır. Onlarla rəftar bir qədər başqa cür olmalıdır. Amma kim ki, düşünürsə ki, ziyalını əzə bilərik, yanılır. Ziyalıların ömrü uzundur.
-Rafiq müəllim, vaxtiylə Xəlil Rza Ulutürk xalqın mənəvi-mədəni həyatında, şüur və davranışındakı sapmaları tənqid edərək bundan qurtuluş yolu kimi bütöv bir milləti son nəfərinə kimi yenidən formalaşdırmağı yeganə çıxış yolu kimi göstərərək yazmışdı:
İşlər böylə getsə... Böylə getməsin!
Getsə, bu gedişi boğacağam mən.
Bütün Azərbaycan övladlarını,
Öz kişi bətnimdən doğacağam mən.
Sizcə doğrudanmı xalqın yenidən doğulmağa ehtiyacı var?
-Hesab edirəm ki, milləti yenidən kodlaşdırmaq vacibdir. Xalq həmin xalqdır. Xalq 80-ci illərin sonlarındakı xalqdır. Bu həmin xalqdır ki, sizin doğulduğunuz yerlərdə, Şuşada bir-iki ağacın qırılması ilə ayağa qalxan xalqdır. O vaxt dəyərlər başqa idi, lakin bu gün başqadır. Insanlarda da, fərdlərdə də bu baxımdan ciddi dəyişiklik var. Həmin vaxt qlobal hislər Azərbaycan insanında daha böyük idi. Bu gün isə vəziyyət fərqlidir. Xalq həmin xalqdır, metod isə yenidən kodlaşdırmaqdır.
-Bir müddət bundan öncə millət vəkili Fazil Mustafa belə bir fikir səsləndirdi ki, təhsil, səhiyyə sistemindəki korrupsiyanın qarşısını almaq üçün bu sahədə çalışan insanların əmək haqqını artırmaq lazımdır. Sizcə doğrudanmı əmək haqqı azlığı ilə korrupsiya arasında hər hansı bir əlaqə var? Ümumiyyətlə, əmək haqqı azlığı rüşvət almaq üçün əsas sayıla bilərmi?
-Mənim Fazil bəyə çox böyük hörmətim var. Onun fikri ilə qismən razılaşıram. Mən bir dəfə “Azadlıq” radiosuna müsahibəmdə bildirdim ki, ölkədə iqtisadi inkişafin səviyyəsini müəyyənləşdirmək üçün nə kompüter, nə də kalkulyator lazımdır. Bunun üçün müəllimin və həkimin əmək haqqına baxmaq kifayətdir. Əgər o həkim, o müəllim ali məktəbi pulla qurtarmayıbsa, əgər o mühəndis tapşırıq əsasında diplom almayıbsa, əgər o jurnalist ancaq yalanlar, iftiralar, kimlərinsə sifarişini yerinə yetirməklə məşğul deyilsə, təbii ki, onların maaşı indiki kimi az olmamalıdır. Mən demirəm ki, maaş artımı qəti olaraq rüşvətin qarşısını alacaq. Amma bunların arasında böyük bir əlaqənin olduğu da danılmazdır. Təbii ki, əmək haqqı artarsa, o zaman rüşvət də azalar. Lakin əmək haqları ilə yanaşı mənəviyyatı qaldırmaq lazımdır. Millətin mənəviyyatını yüksəltmək lazımdır. Dəyərləri dəyişmək lazımdır. Sosial kodlaşdırma ilə bağlı məsələyə birinci siz başladınız. Əslində bu gün baş verənlər dəyərlərin dəyişməsi deməkdir. Bu gün rüşvət çox adi bir normadır. Heç kim rüşvət almaqdan utanmır. Ola bilsin ki, 1-5% kimsə öz mənliyini qoruyur, nəfsini cilovlayır. Bir müəllimin hambal işləməsi tələbəsindən rüşvət almasından daha yaxşıdır. Şəxsən mənim düşüncəmdə belədir. Maaşla yanaşı mənəviyyat düzəlməlidir. Bu milləti yenidən kodlaşdırmaq lazımdır. Üçüncüsü, qanun işləməli, qanunun aliliyi təmin olunmalıdır. Qanun istisnasız olaraq hamı üçün eyni olmalıdır. Onda rüşvət olmayacaq. Bir sözlə, əmək haqqı artırılmalı, mənəviyyat yenidən kodlaşdırılmalı və qanunun aliliyi təmin edilməlidir.
-Yenidən kodlaşdırmanı kimlər həyata keçirməlidir? Bu, hakimiyyət tərəfindən gerçəkləşdirilməlidir, yoxsa bu da ziyalıların missiyasına daxildir?
-Bu, ziyalıların missiyasına daxildir, lakin bunun üçün imkan da olmalıdır. Qapıları əsas açan TV-lərdir. Yaxşı ki, internet var, saytları oxuyurlar. Lakin geniş kütlə bu imkandan məhrumdur. Bir də, insan informasiyanın 70%-ə yaxınını gözü ilə alır. Bu baxımdan TV-lər ziyalıların üzünə bağlı olduğuna görə, ziyalıların ictimai fikrə geniş təsir etmək imkanı yoxdur. Əgər ölkədə ideoloji konsepsiya varsa, ideoloji konsepsiyanın mühüm bir hissəsi yenidən kodlaşdırma olmalıdır. Mən belə təsəvvür edirəm. Imkanlar nə qədər məhdud olsa da, yenə də mövcud resurslardan, KİV-in imkanlarından yararlanaraq bu işi aparmaq lazımdır. Ədəbiyyat da bu məsələdə çox kömək edə bilər. Heyf ki, bu dəyərlər barədə heç bir ədəbiyyat yoxdur. Bir dəfə oxuduğum müsahibələrin birində belə bir fikir yer almışdı ki, niyə son 10-15 ildə əsl sevgidən, əsl məhəbbətdən bir əsər yazılmayıb? Bu, çox doğru yanaşmadır. Belə bir əsər doğrudan da yazılmayıb. Lazımi dəyərlərin formalaşmasına ədəbiyyatın da böyük köməyi ola bilər və bu məsələdə ədəbiyyatın imkanlarından istifadə etmək lazımdır.
-Rafiq müəllim, adətən müğənnilərdən tutmuş ədəbiyyatçılara qədər bir çox insan buna özünəməxsus şəkildə haqq qazandırır. Onlar iddia edir ki, biz cəmiyyətə cəmiyyətin istədiyini veririk və həqiqi sənət hadisəsinə çevriləcək əsərlərə tələbat olmadığı üçün onların yaranması reallaşmır. Bu qənaəti bölüşürsünüzmü?
-Mən bunun tam əleyhinəyəm. Xüsusilə də televiziyalardan söhbət gedəndə onlar reytinq məsələsini qaldırırlar. Halbuki, informasiya vasitələri xalqı öz ardınca aparmalıdır. Xalqın səviyyəsinə düşməməlidir. Tutaq ki, bir auditoriyada bir professor dərs deyir və oradakı tələbələrin 80%-i yaxşıdır, 20%-i isə zəifdir. Professor həmin 20% səviyyəsinə düşmür və düşə də bilməz. Burada sadəcə həmin 20%-i qaldırmaq lazımdır. Bazar situasiyası, bazar iqtisadiyyatı əsaslandırmasından çıxış edib, xalqın şou görmək, çılpaq qadın görmək istədiyini bildirib buna haqq qazandırmaq olmaz. Bu, yenidən kodlaşdırmanın ziddinə olan bir prosesdir. 1945-ci ildə Allen Dallesin SSRi-ni dağıtmaq planı hazırlandı. Bu, təxminən yarım səhifəlik bir plandır. A.Dalles uzun müddət ABŞ kəşfiyyatnın rəhbəri olub. Həmin planda SSRİ-ni silahsız dağıtmaq variantı öz əksini tapıb. Göstərilir ki, bunun üçün ilk növbədə dəyərləri dəyişəcəyik. Yəni, yenidən kodlaşdırma gedəcək. Həmin planda şou, seks, rüşvət yeni kodlaşdırmanın əsas vasitələri kimi göstərilir. Qeyd olunur ki, elə edəcəyik ki, yalanla həqiqət öz qütblərini dəyişəcək. Yaltaqlıq ön plana keçəcək. Bizim nə etdiyimizi anlayan, baş verənləri qəbul etməyən yalnız 1-2% olacaq. Lakin biz qalan 98% içindən öz adamlarımızı seçəcəyik. Hansı ki, onlar bizim platformanı həyata keçirəcəklər. 1-2%-i isə cəmiyyətin tör-töküntüsünə çevirəcəyik. Həmin planda millətlər arasında düşmənçilik toxumunun səpiləcəyi də öz əksini tapıb. 1945-ci ildən cəmi 45 il ötdü və SSRİ həqiqətən də silahsız-müharibəsiz süqut etdi. Yenidən kodlaşdırmanın belə bir gücü var. Əfsuslar olsun ki, o vaxt Sərdar bəydən sonra bu barədə növbəti yazılar getmədi. O, bu məsələ ilə bağlı bir neçə yazı yazdı. Lakin bundan sonra bu, geniş vüsət almadı. Bu, olduqca vacib bir problem idi. Biz də dəyərlərimizi dəyişməliyik. Bazar iqtisadiyyatı adı altında xalqın mənəviyyatnı zəhərləmək olmaz. Xalqın şüurunu, kütlənin mədəniyyətini yüksəltmək lazımdır. Hüseyn Cavid nə deyrirdi. Deyirdi ki,
«Turana
qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət»
Mədəniyyət qalxmalıdır. Küçədə gedən insanlara baxın. Bildiyiniz kimi, mən ayda iki dəfə qəbir üstünə gedirəm. Çox təəccüb edirəm ki, cavan adamlar gəlib keçir, lakin nə salam vermir, nə də “Allah rəhmət eləsin” demirlər. Yenidən kodlaşdırma budur. Amma kənddə bunu eləməzdilər. 20-30 il qabaq bu, baş verməzdi. Və ya küçədə gedirsən, qabağına çıxan insanlar sənə salam vermir. Lakin Amerikada hamının üzündə bir gülüş var. Almaniyada, digər Avropa ölkələrində insanlar hökmən bir-birlərinə salam verməli, “sabahın xeyir” deməlidirlər. Hansı ki, salam verdikləri adamları tanımırlar. Sadəcə, xalqın, millətin ənənəsi belədir. Yeni dəyərləri sizlər, xüsusilə də TV-lər formalaşdırmalıdır. Lakin əfsuslar olsun ki, Azərbaycanda televiziyalar bir-birlərinin kopiyasıdır.
-Sərdar Cəlaloğlu öz açıqlamalarında israrlı şəkildə sovet ideallarından imtina edilməli və milli idellar yaradılmasının əhəmiyyətini vurğulayır. Sərdar bəy iddia edir ki, milli idealların yaradılması xalqın həqiqi milliliyi, özünüdərki və ölkənin müstəqilliyi üçün zəruridir. Sizcə doğrudanmı Azərbaycanın azadlığı, müstəqilliyi xalqın milli ideallar yaradb bu ideallara sahib çıxmasından asılıdır?
Ardı var...
Seymur Əliyev





































































































