ABŞ Prezidenti Donald Tramp növbəti dəfə gözlənilməz bəyanatı ilə diqqət çəkib. Belə ki, keçən həftə sonu ABŞ Prezidenti mayın 4-dən etibarən Fars körfəzində ilişib qalmış gəmiləri azad etmək üçün "Azadlıq Layihəsi" əməliyyatına başlayacağını bəyan etsə də, üstündən iki gün keçməmiş həmin əməliyyatı dayandırdığını elan edib.
Tramp belə qərara gəlməsinin səbəbini Pakistan və digər ölkələrin xahişləri, İrana qarşı kampaniyada "böyük hərbi uğurları" və Tehranla özünün dediyi kimi "tam və yekun razılaşmaya doğru əhəmiyyətli irəliləyiş"lər əldə etməsilə əlaqələndirib.
Ağ Ev sahibi bildirib ki, blokada tam qüvvədə qalsa da, razılaşmanın yekunlaşdırılıb imzalanacağına əmin olmaq üçün "Azadlıq Layihəsi"nin qısa müddətə dayandırılacağı ilə bağlı qarşılıqlı olaraq razılığa gəliblər.
Cəmi bir neçə saat sonra isə ABŞ prezidenti razılaşma məsələsi ilə bağlı İrana sərt xəbərdarlıq edib. Tramp bildirib ki, Tehran razılaşmanı qəbul etməzsə, bombardmanlar yenidən başlayacaq və əvvəlkindən daha yüksək səviyyədə, daha intensiv olacaq.
Savaş tam bitdi, yoxsa yeni hücuma hazırlıq gedir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, burada söhbət müvəqqəti fasilənin əldə edilməsindən gedir:
“Söhbət heç də hərbi əməliyyatların tam dayandırılmasından getmir. Trampın özünün də açıqladığı kimi söhbət müvəqqəti fasilə elan edilməsindən gedir. Trampın həmin açıqlamasını Pakistan danışıqlarının nəticə vermək ərəfəsində olduğu kimi yozmaq daha doğru olar. Məhz bu gözləntilərə nəzərən belə bir xeyirxaq addım atılması əsaslandırılır. Amma tərəflərin savaş müstəvisində olduğu da müşahidə edilir”.
Rüfət Sultan, Bizim.Media







































































































