Məlumata görə, 1993-cü il fevralında Qazax Qarnizonu Hərbi Prokurorluğu 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin 255-ci maddəsinin V bəndi ilə cinayət işi başlayıb və istintaq aparıb. 2001-ci ildə həmin cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar çıxarılıb. Ancaq 2012-ci ilin aprelində həmin qərar təzələnib və Cinayət Məcəlləsinin 341.3-cü maddəsinə tövsif edilib.
Müharibə vaxtı və ya döyüş şəraitində hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Moderator az “Media forum” saytının İsa Sadıqovdan bu gün götürdüyü müsahibəni olduğu kimi təqdim edir:
- Hazırda Gürcüstandayam. Doğma kəndimdə, dostlarımın, tanışlarımın yanında, Tiflisdəyəm. Norveçə gedib bəzi işlərimi qaydaya salacaq və geri dönəcəm. Mən artıq 3 aydır ki, Gürcüstandayam. Norveçdən tamam qayıtmışam.
- Sizə qaldırılmış cinayət işi yenilənib, beynəlxalq axtarışa verildiyiniz bəyan olunub.
- Cinayət işlərini biz onlara açacağıq. Belə cinayət işləri üçün əsasların sayı-hesabı yoxdur. Hər kəs öz hərəkətinə görə cavab verməli olacaq.
Mənə qarşı cinayət işinin gündəmə gəlməsinin səbəbi hakimiyyətin qorxu içində yaşaması, Milli Şuranın yaranması, böyük birliyə nail olunmasıdır. Bunlar axı illərdir ki, bizi parçalayırdılar və rahat idilər ki, məqsədlərinə nail olublar. Amma alınmadı. Bu xalqı əzmək, qorxutmaq mümkün deyil.
Heç bir cinayətdən söhbət getmir. Bu cinayət işini vaxtilə mən qaldırmışdım. Komissiya ayırıb prokurorluq işçilərini cəlb etmişdim. Onlar özləri araşdırıb işi bağlamışdılar. Müharibə şəraitində olay baş vermişdi. Biz axı vaxtilə gizlənmirdik, biz müharibədə idik, vətən uğrunda döyüşürdük.
Açılası cinayət işləri çoxdur. İtirilmiş torpaqlar, atəşkəs zamanı həlak olan minlərlə əsgər, oğurlanmış milyardlar ”“ cinayət bunlardır. Belə əməlləri mühakimə edəcəyik, bizim mühakiməmizdən qaçmaq mümkünsüzdür. Bizə hədə-qorxu gələnlər əbəs yerə əziyyət çəkməsinlər.
Mən 1995-ci ilin noyabrından 1998-ci ilin aprelinə qədər Azərbaycanda həbsdə olmuşam. İstefa verib Gürcüstana qayıtmışdım. Xidmətdən boyun qaçırma ittihamı ilə saxta cinayət işi açıb məni həbs etmişdilər.
Bunları narahat edən mənim yazılarım, mövqeyim, açıqlamalarımdır. Amma susdura bilməzlər, mən həqiqətləri deməliyəm, deyəcəm də.
- Ailəniz harada yaşayır?
- Ailəm Norveçdədir. Ona görə ki, Gürcüstanda qalmağa elə bir şəraitim yoxdur. Ailəm birbaşa vətənə, Azərbaycana qayıdacaq. Planlarım Demokratik Qüvvələrin Milli Şurasına qatılmaqdır. Əlimdən gələni edəcəm ki, qısa müddətdə Azərbaycanda demokratik dəyişikliklər baş tutsun. Mən həmişə vətən uğrunda canımdan keçməyə hazır olmuşam və indi də belədir. Əmin ola bilərsiniz, mən canımdan artıq sevdiyim o vətənə mütləq qayıdacam.
Məlumat üçün bildirək ki, İsa Sadıqov 24 iyun 1958-ci ildə Gürcüstan Respublikasında anadan olub. 1979-cu ildə Tbilisi Ali Hərbi Məktəbini, Leninqrad Hərbi Akademiyasını bitirib. SSRİ dövründə Almaniyada, Çexoslovakiya, Cənubi Qafqazda hərbi xidmətdə olub. 1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində briqada, korpus komandiri və müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini postlarını tutub. 1995-ci ildə ordu sıralarını tərk edib. Həmin ilin noyabrından 1998-ci ilin aprelinə kimi həbsdə olub. 2001-ci ildən Norveçdə, Oslo şəhərində yaşayır. Evlidir, iki oğlu var.




































































































