Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində sentyabrın 10-da Rusiyanın həyata keçirdiyi hücum nəticəsində 4 nəfər ölüb. Yaralananlar arasında 3 uşaq da var.
Bizim.Media xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın açıqlamasına, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə, vilayət prokurorluğunun məlumatına və daxili işlər naziri İvan Vıqovskinin açıqlamasına istinadən xəbər yayıb.
Yerli KİV-in məlumatına görə, Rusiya qüvvələri şəhərdə yerləşən “Gulliver” ticarət mərkəzinə zərbə endirib. Zərbədən sonra binada yanğın başlayıb.
“4 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Yaralananlar arasında 13, 14 və 15 yaşlı üç oğlan da var. Rusiyanın Pavloqrada hücumunun faciəvi nəticələri bunlardır”, – deyə Qanja bildirib.
O qeyd edib ki, bütün yaralılar hazırda xəstəxanadadır və lazımi yardımı alırlar.
Xilasedicilər bildiriblər ki, atəş nəticəsində mağazada, pərakəndə satış pavilyonlarında və avtomobillərdə yanğın baş verib. Bundan əlavə, zərbənin nəticələrinin aradan qaldırılması zamanı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları da xəsarət alıblar.




Bizim.Media

































































































