Azərbaycan Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İlham Nəsirovun məlumatına görə, təxminən 70–75 azərbaycanlı dənizçi Rusiya və Ukrayna limanlarında gəmilərdə qalıb. Onlardan təxminən 40 nəfəri Ukraynada, 30–35 nəfəri isə Rusiya limanlarında gözləyir.
Bizim.Media xəbər verir ki, Qara dənizdə dron təhlükəsi səbəbindən limanları tərk edə bilməyən gəmilərdə dənizçilər aylarla (bəzən dörd-beş ay) çətin şəraitdə qalmalı olurlar, bəziləri isə ərzaq bitdikdə gəmini tərk edirlər.
Odessa yaxınlığında Somali bayrağı altında üzən "TEDY" buksirinin PUA hücumuna məruz qalması nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub, iki nəfər isə ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Şirkətlər riskləri kompensasiya etmək üçün maaşları iki dəfə artırmağa çalışsalar da (məsələn, matrosun maaşı 3-3,2 min dollara, kapitanın maaşı isə təxminən 10 min dollara qədər qalxır), dənizçilərin 90%-i təhlükəli reyslərdən imtina edir.
İctimai birlik dənizçilərə məlumat dəstəyi göstərir, riskləri əvvəlcədən qiymətləndirməyə və təhlükəli bölgələrə səfərlərdən yazılı şəkildə imtina etməyə çağırır. (Minval.az)
Bizim.Media






























































































