İsrail Müdafiə Ordusu Livanın cənubundakı Nəbatiyə rayonunda "Hizbullah" hərəkatının bir neçə silahlı qruplaşma üzvünü zərərsizləşdirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Ordunun rəsmi bəyanatına görə, ərazidə kəşfiyyat aparan bölmələr İsrail hərbçilərinin dislokasiya olunduğu (müvəqqəti yerləşdiyi) mövqelərin yaxınlığında qumbaraatanlarla silahlanmış bir qrup "Hizbullah" yaraqlısını aşkar ediblər. Hədəf tam dəqiqləşdirildikdən sonra həm silahlılara, həm də onların əməliyyat keçirdiyi və gizləndiyi binaya havadan və qurudan qəfil zərbələr endirilib. Hücum nəticəsində qrup üzvləri tam məhv edilib.
Bundan əlavə, İsrail hərbi bölmələri həmin rayonda "Hizbullah"a məxsus operativ raket buraxılış qurğusunu da aşkarlayaraq sıradan çıxarıb.
Ordunun məlumatında qeyd olunur ki, sözügedən raket qurğusu İsrail ordusunun cəbhə xəttindəki bölmələri üçün birbaşa və ciddi təhlükə yaradırdı.
Qeyd edək ki, İsrail və Livanın cənub sərhədi boyunca tərəflər arasında qarşılıqlı artilleriya və hava zərbələri intensiv şəkildə davam edir.
Bizim.Media



































































































