2006-cı ildə “Vogue Enfants” jurnalı tərəfindən “dünyanın ən gözəl qızı” elan edilərək dünya şöhrəti qazanan 25 yaşlı fransız model Tilan Blondo ailə həyatı qurub. O, iyunun 29-da Parisdə Benjamin Attal ilə nikah masasına əyləşib.
Bizim.Media xəbər verir ki, Blondo Parisin 16-cı dairəsinin meriyasında baş tutan nikah mərasimindən ən parlaq anları özünün “Instagram” hesabında paylaşıb.
Mərasimdən əvvəl model izləyicilərinə hazırlıq prosesini — saç və makiyaj mərhələlərini nümayiş etdirib. Paylaşılan fotolardan birində gəlin vizajist Andrea Alinin, digərində isə saç stilisti Fabio Petrinin iş prosesi əks olunub. Blondonun zərif saç düzümü ağ çiçəklərlə bəzədilib.
Toyun ən diqqətçəkən və sevimli qonaqlarından biri isə modelin iti olub. Qeyri-adi qonaq bu xüsusi gün üçün qara-ağ rəngli smokinqlə bəzədilib. Model mərasimdə "Eva Bouskila" brendinə məxsus, arxası düyməli zərif qısa plaşla (kapüşonla) tamamlanan uzun gəlinlik geyinib.
Cütlüyün toyu Blondonun bu il martın 8-də sosial şəbəkədə nişanlandıqlarını elan etməsindən cəmi üç ay sonraya təsadüf edib. O, Yunanıstan səfəri zamanı baş tutan nişan fotoşəkillərinin altına “Ən yaxşı dostuma “bəli” dedim. Əbədiyyətimizə doğru...” sözlərini yazmışdı.
Xatırladaq ki, Tilan Blondo model karyerasına cəmi 4 yaşında başlayıb. O, indiyədək “Jean Paul Gaultier”, “Dolce & Gabbana” və “Hugo Boss” kimi dünyanın nəhəng brendləri ilə əməkdaşlıq edib. Hazırda o, model fəaliyyətini aktiv şəkildə davam etdirir və məşhur “IMG Models” agentliyi ilə çalışır.




Bizim.Media



































































































