Monako knyazı II Alber və həyat yoldaşı, şahzadə Şarlen səbirsizliklə gözlənilən 83-cü "Formula-1" Qran-prisinin startı ərəfəsində diqqət mərkəzinə düşüblər. Kral cütlüyü Monako-Vil şəhərinin qədim hissəsində yerləşən Okeanoqrafiya Muzeyində dəbdəbəli qəbul təşkil edərək avtoidmanın canlı əfsanəsi – pilot Maks Ferstappenlə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, gecədə gözqamaşdırıcı zümrüd rəngli libas seçən 48 yaşlı şahzadə Şarlen zərifliyi ilə heyran qoyub.
İki uşaq anası olan Şarlen həyat yoldaşı, həmçinin "Formula-1"in dördqat çempionu Maks Ferstappen və onun sevgilisi – braziliyalı model Kelli Pike (əfsanəvi pilot Nelson Pikenin qızı) ilə birlikdə fotoqraflara gülümsəyərək poz verib.
Knyaz II Alber və Maks Ferstappen gecə üçün tünd göy rəngli eleqant kostyumlara üstünlük verdiyi halda, Kelli Pike son dəb trendlərinə uyğun olaraq şokolad-qəhvəyi rəngli midi don geyinib.
Bu qlamur qəbuldan cəmi 24 saat sonra Monako monarxları artıq birbaşa paddokda — pit-leynin arxasındakı eksklüziv pərdəarxası zonada görünüblər.
Şahzadə Şarlen gündüz çıxışı üçün də parlaq üslubunu qoruyub və al-qırmızı rəngli dəbli plisseli don seçib. Knyaz II Alber isə bu dəfə idman üslublu papaq (beysbolka) və daha sərbəst kostyumla fərqli imic nümayiş etdirib.


Bizim.Media



































































































