Pərvizin həbsinə sevinənlərə...

Hazırda oxunan: Pərvizin həbsinə sevinənlərə...

34191

Yazıma ADP sədri Sərdar Cəlaloğlunun bir məhşur fikriylə başlamaq istəyirəm. O, kitablarının birinin ön sözündə çox diqqətçəkən bir qeyd yazıb- Bu kitabı ona görə yazmağı bacardım ki, yazmamağı bacarmadım. Elə mən də təxminən eyni ovqatdayam-bu yazını ona görə yazmağa məcbur oldum ki, yazmamağa sadəcə qoymadılar. Bəli, həmkarım, bir çox məqamlarda siyasi baxışlarımız üst-üstə düşmədiyindən peşə fəaliyyətimiz mübahisələr içində keçsə  də acılı-şirinli günlərimizi birgə paylaşdığımız dostum Pərviz Həşimlidən, onun qondarma ittihamlarla həbsindən yazmaq niyyətindəyəm.

Yadınızdadırsa hələ aylar-illər öncə yazılarımda qeyd edirdim ki, daha bu məmləkətdə kimsə məni hansısa əməliylə, nə iləsə heyrətləndirə bilməz. Mən hansı ölkədə yaşadığımın və bu ölkənin yazılmamış qanunlarla necə saat mexanizmitək  idarə olunduğunun fərqindəyəm. Ancaq deyəsən tələsmişəm və Pərvizin həbsi məni o qədər heyrətləndirib ki, bunu sözlə ifadə etməkdə adam gerçəkdən zorlanır. Bəzən bizi Afrika və ya latın Amerikasının geridəqalmış ölkələriylə, yaxud Yaxın Şərqin diktatura sistemləriylə müqayisə edirlər. Heç vaxt bununla razılaşmamışam və bu cür paralellər aparılmasına qarşı çıxmışam. Düşünmüşəm ki, necə də olmasa biz Avropa ilə Asiyanın kəsişməsində olan, Şərqdə ilk demokratik cümhuriyyət qurmaqla tarixə, bu tarixi saxtalaşdırmaq üçün islam dünyasına qarşı “səlib yürüşü”nə çıxmış Qərb dünyasına  meydan oxuyan bir məmləkətin övladlarıyıq və siyasi baxışlarımızdakı fərqlərə baxmayaraq bu məmləkətin iqtidarlı-müxalifətli nümayəndələri nimdaşlaşmış, üfunət iyi verən dünyagörüşü özlərinə yaxın buraxmazlar. Deyəsən bu qənaətimdə də yamanca yanılmışam və Pərvizin həbsinə istər bir çox həmkarlarımın, istərsə də sosial şəbəkə istifadəçilərinin reaksiyası, eyni zamanda az qala bəzilərinin bu həbsə haqq qazandırması ondan xəbər verir ki, vətən övladlarının mənəvi dünyalarına da virus yoluxdurulub. Bu azmış kimi bəzi üzdəniraq öncəgörənlərin bulanıq suda olmayan balığı tutmaq həvəsləri də gerçəkdən ürəkbulandırıcıdır. Axı bu ölkədə kimin kim olduğunu, hansı dinə-məzhəbə qulluq etdiyini, kimin və hansı qüvvənin təsiri altında və ya yanında olduğunu bilmək heç də çətin deyil. Konkret moderator.az saytına gəldikdə isə sifarişli münəccimlərin diqqətinə ərz edirəm ki, mən heç vaxt kiminsə oyunçusu və barəsində böyük ehtirasla heç bir əsası olmayan nağıllar uydurduğunuz məmurlarla qaranlıq sövdələşmə iştirakçısı olmamışam. Nə kiminsə pulunu görmüşəm, nə sifarişini. Bunu qanun qarşısında da sübut edə bilərəm, şəriət qarşısında da. Pulsuzluqdan fəaliyyət göstərdiyimiz bir neçə ayda nə kollektiv formalaşdıra bilmişik, nə hər birimiz yazmağa kompüter tapmışıq. Yəqin ki, çoxları buna inanmayacaq, hər ay müxtəlif texniki ödəmələrin vaxtı gələndə ona-buna ağız açıb borc pul götürmək zorunda qalmışıq. Pərvizin maşının da kreditlə götürdüyünə kim inanmırsa bunu heç çətinlik çəkmədən öyrənə bilər. Ona görə də hər kəsə səslənirəm ki, başqasının əleyhinə qondarma öncəgörmələr quraşdıranda ehtiyatlı olsunlar və unutmasınlar ki, eyni aqibət hökmən bir gün onları da haqlayacaq. Çünki şər-böhtanın da “srok”u oğurluq və fahişəlik kimi 40 gün çəkir.

Şəxsən mənə gəldikdə isə tanımayanlara bildirim ki, nəinki media cameəsində, siyasi düşərgədə də ən kristal bioqrafiyalı şəxsin kimliyini müəyyənləşdirsələr, qarşılarına ilk öncə adım və soyadımın çıxacağına əminəm. Ancaq təbii ki, bu ölkədə heç kim göydəndüşəmə ittihamlardan sığortalanmayıb və sabah məni  Suriyada kimyəvi silah işlətməkdə və hətta Bəzz qalasını yandırmaqda ittiham edə bilərlər. Bu zaman yəqin ki, Pərvizin əlindəki alışqan tapançayla bağlı şərəfsiz şərhlər yazanlar məni də günahkar çıxaracaq qədər özlərini sifarişçiləri qarşısında aşağılayacaqlar...

Zülfüqar Hüseynzadə   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin