Təhsil sistemində dövlət sifarişinin formalaşdırılması məsələlərinə yenidən baxılması, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, təhsil müəssisələrinin nəticə yönümlü və şəffaf idarəetmə modelinin yaradılması, təhsil ocaqlarına idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi bu sahədə başlıca hədəflərdəndir və yəqin ki, bunların tətbiqi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”. Moderator.az-ın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə, təhsilin maliyyələşdirilməsi sahəsində də görüləsi işlər çoxdur: “Burada ən böyük hədəf təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsil xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçididir. Biz strategiyada tamamilə yeni maliyyə institutunun - büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişaf Fondunun yaradılmasını nəzərdə tutmuşuq. Bu da təhsillə bağlı xüsusi layihələrin, tədqiqatların və s. yeni maliyyələşmə mexanizminin tətbiq olunmasına yardım edəcək”.
Mikayıl Cabbarov bildirib ki, müəllimləri əməkhaqqının artırılması məsələsi çox maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Onun sözlərinə görə, Dövlət Strategiyasında bu məsələ də öz əksini tapıb: “Belə ki, strategiyada müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulub. Bununla bağlı daha dəqiq meyarlar fəaliyyət planında öz əksini tapacaq”.





































































































