Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.
Bizim.Media xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/8 finalda norveçli Morten Toreseni tam üstünlüklə (11:0) məğlub edərək 1/4 finala yüksəlib.
Nihat bu mərhələdə Qətər təmsilçisi Aref Mohammadidən üstün olub. O, yarımfinalda Sergey Yemelini (Rusiya) üstələyib. N.Məmmədli qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.
67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/8 finalda Aleksandr Xryuşini (Ukrayna) 7:1 hesabı ilə məğlub edib. Cəfərov 1/4 finalda Han Jae Chungdan (Cənubi Koreya) üstün olub. O, yarımfinalda Səid Esmaeiliyə (İran) yenilib. Həsrət sabah üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
87 kq-da mübarizə aparan İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq dünya çempionatında çıxışını başa vurub.
Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Bizim.Media
































































































