FİFA 2026-cı il dünya çempionatında sarı vərəqələrlə bağlı yeni qayda tətbiq etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, FİFA futbolçuların pley-off mərhələsinin vacib oyunlarını buraxmaq ehtimalını azaltmaq üçün qrup mərhələsindən sonra bütün sarı vərəqələrin silinməsi variantını nəzərdən keçirir.
Yeni sistemə əsasən, futbolçuların sarı vərəqələri qrup mərhələsinin sonunda, daha sonra isə 1/4 finaldan sonra ləğv edilə bilər.
Bu, oyunçuların vərəqə limitinə görə pley-off və final mərhələsinin həlledici görüşlərini buraxmasının qarşısını almağa yönəlib.
Qayda dəyişikliyi DÇ-2026-nın formatının genişləndirilməsi ilə əlaqələndirilir. Belə ki, turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və pley-off mərhələsi 1/16 finaldan başlayacaq. Bu isə komandaların daha çox oyun keçirməsi və futbolçuların sarı vərəqə limitinə görə cəzalanma riskini artırır.
Əvvəlki dünya çempionatlarında sarı vərəqələr əsasən 1/4 finaldan sonra silinirdi. Bu, futbolçuların yarımfinalda aldıqları sarı vərəqəyə görə finalı buraxmaması üçün tətbiq olunurdu.
Yeni qayda qəbul edilərsə, DÇ-2026-da əlavə “amnistiya” qrup mərhələsindən sonra da qüvvəyə minəcək.
Bizim.Media


































































































