UEFA prezidenti Aleksander Çeferin bəzi epizodlarda hakim qərarlarının izahını artıq tam anlamadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Footmercato” nəşri yazıb.
Çeferin qeyd edib ki, azarkeşlər tez-tez eyni epizodların fərqli matçlarda müxtəlif cür qiymətləndirilməsini başa düşmürlər və bu narazılığı o da bölüşür:
“Bəzən azarkeşlər eyni epizodların niyə oyundan oyuna fərqli şərh olunduğunu anlamır və mən onları başa düşürəm. Mən özüm də artıq heç nə başa düşmürəm. Məsələn, əl oyunu epizodlarını götürək — bunun penalti olub-olmadığını, qəsdən olub-olmadığını heç kim anlamır. Bunu necə müəyyən etmək olar? Axı sən psixiatr deyilsən!” — deyə o bildirib.
UEFA rəhbəri əlavə edib ki, əsas qərarı meydandakı baş hakim verməlidir, videoköməkçi hakim sisteminə (VAR) isə yalnız açıq-aşkar səhv hallarında müraciət olunmalıdır. O, eyni zamanda uzunmüddətli video baxışların əleyhinə olduğunu vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Kubokunun yarımfinalında "Sabah" - "Qarabağ" oyununda əl ilə oyuna görə penalti verilməməsi geniş müzakirələrə səbəb olmuşdu. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügedən epizodda hakimin doğru qərar verdiyini bildirmişdi.
Bizim.Media































































































