Bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan prezidenti ilə görüşü gözlənilir. Moderator.az-a bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Hazırda Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT MQ həmsədrlərinin görüşü gözlənilir. Görüşdə son günlərdə cəbhə xətində yaranmış gərginliyin və münaqişənin gələcək həlli yolları müzakirə olunacaq.
Hazırda ATƏT MQ həmsədrləri də Almaniyanın Münxen şəhərindədirlər. Onlar artıq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşərək cəbhə xəttində yaranmış durumu və gələcək addımları müzakirə ediblər. Həmsədrlər bu görüşdə tərəfləri gərginlik yaratmaqdan çəkinməyə çağırıblar.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 51-ci Beynəlxalq Münhen Təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyada işgüzar səfərdədir. Azərbaycan prezidentinin konfransada çıxışı və digər ölkələrin nümayəndələri ilə görüşü də nəzərdə tutulub.
































































































