Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqızının ölüm faktı ilə əlaqədar açılmış cinayət işi üzrə istintaqın ləng aparılmasından, verdiyi vəsatətlərin təmin edilməməsindən narazıdır. Bu barədə Bizimyol.info saytına məlumat verən A.Niftəliyev bildirdi ki, sonuncu dəfə dekabrın 31-də Nəsini rayon prokuroru ilə görüşüb. “Prokuror mənim vəsatətlərimin təmin ediləcəyi ilə bağlı vəd verdi və bildirdi ki, bayram günlərində də iş gedəcək, vəsatətlər təmin olunacaq və bu barədə mənə əlavə məlumat veriləcək. İstintagqın gedişinin obyektiv səbəblər üzündən ləngidiyini izah etməyə çalışdılar. Ancaq mən bildirdim ki, ləngimədə subyektiv səbəblər də var və bununla bağlı iradlarımı diqqətə çatdırdım. Bayram günləri artıq bitib və hələ də mənə heç bir məlumat verilməyib. Buna görə də, məcburam ki, bu gwn özüm əlaqə saxlayım” ”“ deyə A.Niftəliyev bildirdi.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb.
Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Dekabrın 25-də Səhiyyə Nazirliyinin tibbi ekspertlərinin rəyi açıqlanıb. İstintaq işinə əlavə olunan bu rəydə E.Tofiqqızının “Medi Sina” klinikasında əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verildiyi vurğulanıb.





































































































