Əli Hüseynlidən vəkillik institutuyla bağlı maraqlı açıqlama

Hazırda oxunan: Əli Hüseynlidən vəkillik institutuyla bağlı maraqlı açıqlama

38030

"Azərbaycanda ötən illər ərzində vəkillik institutunun inkişafı ilə bağlı çox ciddi tədbirlər görülüb."

Moderator.az xəbər verir ki, Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda vəkillərin sayının azlıq təşkil etməsi yönündə səslənən iddialara münasibətini bildirərkən dilə gətirib.

Komitə sədrinin qeyd etdiyinə görə, bu yöndə müasir qanunvericilik var, vəkillər test üsulu ilə işə qəbul olunurlar, onların peşəkarlığı artır.

Ə.Hüseynli bildirib ki, hazırda vəkillik fəaliyyətinə maraq həddindən daha çox artıb:

“Çox təqdirəlayiq haldır ki, gənc insanlar-hüquqşünaslar indi bəzən hüquq-mühafizə orqanlarına deyil, məhz vəkilliyə daha çox üz tuturlar. Amma əlbəttə ki, Azərbaycanda vəkillərin sayı kifayət qədər deyil. Vaxtilə bu problem hakimlərlə də bağlı mövcud idi.

Hətta, hakimlərin sayına görə biz Avropa Şurasına üzv olan ölkələr arasında son yerlərdəydik. Ancaq görülən işlər, aparılan islahatlar nəticəsində indi bu məsələdə  kifayət qədər yaxşı göstəricilərə malikik. Bu baxımdan hesab edirəm ki, bu sahədə də islahatları, işləri davam etdirməliyik və vəkillərin sayı indikindən daha çox olmalıdır”.

Komitə sədrinin eyni zamanda dediyinə görə, hazırda Ədliyyə Nazirliyinin birbaşa iştirakı, o cümlədən, beynəlxalq təşkilatların dəstəyi ilə pulsuz hüquqi yardımla bağlı layihə üzərində düşünülür.

“Məsələ də ondan ibarətdir ki, aztəminatlı vətəndaşların, ümumiyyətlə, insanların müdafiə hüququnun qorunması ilə bağlı bir pulsuz  hüquqi yardım modeli həyata keçirilsin, qanun qəbul olunsun. Qeyd edim ki, bununla bağlı beynəlxalq təcrübəni də öyrənmişik.

Bu baxımdan düşünürəm ki, belə bir qurumun ədliyyə orqanları yanında yaradılması faydalı çox ola bilər. Bir sözlə, vəkillərin sayı məsələsi ilə bağlı problem mövcuddur və onun həlli ilə bağlı fəaliyyət davam etdirilir” - deyə, Ə. Hüseynli daha sonra sözlərinə əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin