Bu gün görkəmli şair, bənzərsiz şeirlər müəllifi Zakir Fəxrinin 75 yaşı tamam olur. Bu münasibətlə Moderator.az-ın rəhbəri Zülfüqar Hüseynzadə və Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, istedadlı yazar Elmin Nurinin birgə redaktoru olduğu "Dünya, qayıt, dünyamıza" adlı kitab yubiley günündə oxucuların görüşünə gəldi. Bundan başqa Elmin Nuri yubilyarla görüşərək onunla həmsöhbət olub:

- Bu gün Zakir Fəxridən, onun poeziyasından danışmaqdan ötəri Dərdi anlamaq, onun düsturunu bilmək lazımdır. Zakir Fəxrinin pəncərəsindən görünən Dərd və onun reseptindən danışmaqla söhbətimizə başlayaq...
- Sualı verməzdən əvvəl yaş təbriki etdiniz. 50, 60, 70 və s. yuvarlaq rəqəmlərə həmişə diqqət etmişəm. Sözün düzü, mən özüm də məəttəl qalıram ki, insan yaşı necə təyin edir. Onu Allahdan başqa kimsə bilmir. Çünki ruhun yaşı olmur. İnsanın doğulduğu gündən bu yana gəldiyi addımlar sadəcə məsafədir. Ona görə Aşıq Veysəl deyir ki, bütün ömür bir addımdır. Mən 2 yaşımda hovuza düşmüşəm. Anamın, qohum əqrəbanın dediyinə görə, bir neçə dəqiqə suyun altında qalmışam. Küçələrdə məni axtarırmışlar, hovuzun dibində olmağım heç kəsin ağlına gəlməyib. Gözümün qabağındadır ki, mən hovuzda çölə çıxmağa qapı axtarırdım və məni kimsə dartıb çıxartdı. O vaxtdan suya bağlılığım sanki məni dünyadan qopardı. Bir gün anama dedim ki, məni doğan sənsən, amma iki yaşımdan sonra mən sulardan doğulmuşam. Suyun səsi, suyun danışığını eşitmək və s. sularla çox maraqlanırdım. Elm də çox maraqlanıb. Bu sahədə bir çox alimlər olub. Dini kitablar da eyham vurur ki, bütün sirlər sulardadır. Bədənin də 80%-ə yaxını sudan təşkil edilib.
Qəm-qüssə başqa bir çarədir, dərd ayrıdır. Dünyanın dərdini çəkmək Allaha məxsusdur. Dərd Tanrının özüdür. Belə bir şeirim var:
Göylərin yeddi qatından,
Qəriblərin ovqatından,
Qəmlərimin çatından
Keçib sinəmə tuş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin.
Yelkən oldun üzdü gəmim,
Çiçəkləndi qüssəm, qəmim.
Tumurcuqladı qələmim,
Qaşsız bəxtimə qaş gəldin
Xoş gəldin, dərdim, xoş gəldin.
Sinəndən yüz bulaq oydum,
İçdikcə demədim: "doydum"
Nizam, tərəziyə qoydum
Sevgimlə başabaş gəldin
Xoş gəldin, dərdim, xoş gəldin.
Yəni, bu sevgi Allaha məxsusdur. Ramiz Rövşənin Füzuli haqda bir yazısı var. Orda qeyd olunur ki, Leyliyə olan eşq elə Allaha olan eşqdir. O deyir. “Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni”. Yəni dərdləri mənə Leyli elə, məni də o dərdlərə Məcnun. Əslində, çox doğru yanaşma, doğru sözdür. Bizdən öncəki bütün nəhəng insanlar, filosoflar bu dünyanın bir sınaq yeri olduğuna işarə edir. İmam Həsən Bəsrinin belə bir sözü var: “Uca Allah bəzi adamlara bu dünyanı borc kimi verdiyini xatırladır. Onlar borclarını verib dünyadan rahat köçüb gedirlər". Hamıya yox, bəzi adamlara deyir. Çünki Allahın üfürdüyü ruh, ali ruh var ki, İmam Həsən Bəsrinin dedikləri onlara aiddir. Seyid Nəsəfiyə görə beş cür ruh var: Bitki, heyvan, insan və s. ruhu. Bunlar olmasa insan bitki, ət yeməz. Ən ali ruh peyğəmbərlər onlardan sonra şair, filosoflardır. Verdiyiniz suala subyektiv belə cavab verə bilərəm.
- Son zamanlar sizin şeirlərinizi yenidən oxuyuram. Düşünürəm ki, o şeirlər özü-özlüyündə ayyıca sakral bir ərazi, zonadır. Müsahibələrinizin birində də belə bir fikri səsləndimişdiniz ki, hər nə qədər yaxınlarım çox olsa da, özümü bu dünyada qərib hiss edirəm. Bu fikirlərinizlə həmin sakral ərazilər -yəni şeirləriniz arasında paralellik apardım. Belə düşündüm ki, siz sanki bu dünyaya baş çəkib, sonra da yaradıcılığınızdakı əraziyə geri qayıdırsınız. Bu get-gəllər sizi yormur ki?
- İlk dəfədir ki, mənə belə bir sual ünvanlanır. Bu mənim ruhuma aid bir sualdır. Cavan vaxtı belə bir şeir yazmışdım:
Evimin içində bir qəriblikdə,
Oturub şeir yazıram qərib-qərib...
Bu elə-belə bədahətən gələn bir şey deyildi. Özüm-özümə içimdə çox sual vermişəm. Niyə mən başqa cürəm? Bir çox şeydə fərqli düşüncə adamıyam. Mənə görə, ən ali şey insana münasibətdir. Çox maraqlıdır ki, məndə kin yoxdur. Ən dəhşətli hadisələrdə belə, bir dəqiqə sonra o məndən qopub çıxıb gedir. Nəfs də onun kimi. Bunun hamısını Allah əlimdən alıb. Gəzirəm, dolaşıram, çox sual verirəm özümə ki, mən kiməm? Özümü, o uşaqlığımı tapa bilmirəm. Bəzən rayona gedəndə yolda maşını saxlayıb o yerlərdə balaca Zakiri axtarıram. Ona görə də o yaş məndə itir. Gedirəm, orda həmən o balaca uşaq oluram. O baxımdan çox kövrəyəm, çünki dünyada ən sirli sual uşaq gülüşləridir. Qarabağda olarkən də demişdim. Qarabağda körpə gülüşləri vardı. Onları bir də bərpa etmək olmayacaq. Onlar uçdu, getdi, bir də bərpa etmək olmayacaq.
Yolumu sapdım, deyəsən,
Bu dünyaya azıb gəldim.
Göy üzü dərddən çatladı
Qoşulub bir damla suya,
Mən o çatdan sızıb gəldim.
Gördüm, qanadlanır quşlar
Bir səsə, Azan tərəfə.
Adamlar ardımca gəlir
Gəlir, mən azan tərəfə.
Sizə qəribə gələ bilər, amma mənim gəldiyim mütləq qənaət budur. Dünyada nələri gördümsə, gülünü, çiçəyini, yağışını, qarını, gözəl-gözəl qızlarını, gözəl-gözəl təbiətini, bütün bu gül-çiçəyə aldandım və sığındım dünyanın qoynuna.
Sığındım qoynuna bir gör neynədi
Dünya məni saqqız kimi çeynədi.
Çox maraqlı bir şeydir, danışanda indi də kövrəlirəm. Heç kəs məni başa düşmür. Hara gedirəm, hamı məni çox istəyir, amma kimsə məni anlamır. Bilmirəm necə olmalıyam. Özümü tanımağa da Allah məni qoymur. Əvvəllər inanmırdılar, amma məndə öncə görücülük də var. Yazdığım şeirlər 3-5 il sonra, doğurdan da, gerçəkləşir. Bir dəfə burda müəllifi xatırlaya bilmədim mənim haqda bir yazısı var. Dərdini Zakir Fəxri çəkən dünya. O deyirdi ki, “biz əvvəllər sənin dediklərin haqda sözdü də deyib keçirdik .Vaxt keçdikcə gördük ki, dediklərimnin hamsı real olur”. Ağdamda olanda məndən “Ölüm” şeirini soruşdular ki, olacaqları hardan bilirdin? Orda şeirin bir bəndini istədilər.
Gördüm dörd yanı su basıb,
Ha əlləşdim, keçəmmədim.
Biraz susuzdum mən kasıb,
Bir qurtum su içəmmədim.
Ağaclar quruyur gördüm,
Çiynimə yarpaq tökülür.
Gözlərimin nuru gedir,
Gözümə torpaq tökülür.
- Sizin "Şəxsiyyət vəsiqəsi" adlı şeirinin daxili ovqatı, dərin məzmun qatı ilə böyük Üzeyir bəyin "Leyli və Məcnun" operasındakı "Şəbi hicran" xorunun ilahi sədası arasında kosmik bağlantı var. Hər iki sənət əsəri sanki Kainata səslənişdir. Bu kosmik səsləri daha çox hansı zərurətdən yaranıb?
- Suyu səpəndə damla-damla yayılır, yağış yağanda parçalanıb dağılır, bomba dağılaraq yayılır. Şeirin özünün də dairəsi var. İnsan kütləsi, yaxud da bir su gölməçəsini hesab edin. O son deyil, arxasında, aşağısında da biri var. Mənim “Rekvyem” əsərim haqda ön sözdə yazılıb. Soltan Hacıbəyovun “Karvan”əsərinə bənzədilib. Qarabağda da məndən “Ağlayan kimdi” şeirini istədilər. Bu şeir təkcə ora deyil, Tükiyədəki zəlzələyə də, bir də gördün xəbər verdilər ki, hardasa, 500 nəfər öldürdülər, bax, bilmdəyimiz həmin yerə də aiddir.
Dünya çox gülməlidir. O, biz gördüyümüzdən ibarət deyil. Dünya çox maddiləşib. O maddilik anlamı əlimizdən alıb. Elmi də əlimizdən alıb. Mənim bir şeirim var gənclər də çox sevir. “Qaytar, ana, qaytar məni beşiyə”. Orda deyirəm:
Göy üzünün karrığı
Görən gözlərin korruğu
Eşidən qulaqların karlığı,
Keçdiyim yolun darrığı
Oddadı, məni oddadı.
Yaxud, "O ağlayan kimdi elə?"şeirimdə deyirəm:
O ağlayan kimdi elə?
Ağlaya-ağlaya gülür.
Sinəsini qan aparır,
Yarasının düyməsini
Bağlaya-bağlaya gülür.
Ocağa kül, közü gülən
İçi yanıb, üzü gülən
Göz yaşında gözü gülən
O ağlayan kimdi elə?
Sığınıb qərib dağlara
Batıb qalıb uzaqlara.
Qısılıb ötən çağlara
O ağlayan kimdi elə?
Baxıb şəkli düşən daşa
Göydə uçan tənha quşa
Uşaqlığıyla başbaşa
O ağlayan kimdi elə?
Dayanıb yol ayrıcında
Gözünün yaşı ovcunda .
Son söz dilinin ucunda,
O ağlayan kimdi elə?
Məncə, burda heç bir sual yoxdur. Onu hamı görür, hamı başa düşür.
- “Çiynimdə tabut gəzirəm” şeiri haqqında da çox yazılıb. Bizi maraqlandıran konkret sualı sizə ünvanlamaq istərdim: o tabutun üstü Yer kürəsidi, ya nədir?
- Seyran Səxavətin bu şeirlə bağlı çox gözəl yazısı var... O şeir başlayandan, ilk bənddən sona qədər təhlildir. Mənə Yer üzündə sulardan başqa hər yer tabutdur. Bəşəriyyat yaranından trilyonlarla insan ölüb dəfn edilib. Üstəgəl, maşın səsləri, qəhqəhələr, var üstə yarış, geyim üstə yarış. Yaxşı yaşamaq nədir? Yaxçı yaşamaq - Səmimiyyətdir! Bir az ac qalıb çörək tapanda sevinməkdir. Günorta yeməyini gecikdirəndə daha şirin olur.
Oğlum çox faciəli şəkildə dünyadan köçdü. Əkiz nəvələrim olanda dedim ki, Allah heç nəyi mənə müftə vermir. "Ölüm" şeirini mən həmin hadisədən 7-8 ay öncə yazmışdım. Həmin şeir bütünlükdə odur.
De, hara getdin baş alıb?
Yerin-yurdun bilinmədi.
Gördüm ki, dünya boşalıb.
Nəydi dərdin, bilinmədi.
Bu poeziya çox möhtəşəm bir şeydir. Onun bir dövrü olub. Həmin dövr yenidən gələcək. Berqmanın bir filmi var, başlayan kimi tabutdan bir əl çıxır. Əslində, o Sultan Süleymandır. Onun məşhur vəsiyyətinin imitasiyasıdır. Dünya, əslində Şərqdən çox şey öyrənib. Sualın cavabına gəldikdə axtardığını tapmırsan. Ancaq tabutdur. Hansısa diri yerə getmək istəyirsən, diri yer yoxdur.
Alışdım tək daşımağa
Çiynimdə yük daşımağa.
Yer yox bir tük daşımağa,
Çiynimdə tabut gəzirəm.
Dolaşıram dağı-daşı
Nə zər, nə yaqut gəzirəm.
Düyün-düyün yollarıma
Kökdən düşmüş ud gəzirəm,
Çiynimdə tabut gəzirəm
Gəzirəm dörd bir tərəfi
Bilmirəm yolum haradır.
Çəkir məni sirr tərəfi
Ölümü gördüm, deyəsən,
Görəsən, yolum haradır.
Suyuna dodaq dəyməmiş,
Köksünə ayaq dəyməmiş,
Sinəsinə ox dəyməmiş
Gözdən iraq yurd gəzirəm,
Çiynimdə tabut gəzirəm.
Dünyaya meydan sulayan
Səsi ruhumu dalayan
Axirət deyib ulayan
Yalnız qalmış qurd gəzirəm
Çiynimdə tabut gəzirəm.
Balalar çiçək doğulur,
Gül doğulur balalar.
Balalar göyçək doğulur
Qul doğulur balalar.
Torpaqdan altun doğulur,
Daşlardan yaqut doğulur.
Nədənsə şair doğulan
Çiynində tabut doğulur.
Çox göynətdi ürək məni
Dərdsiz ürəyə qurd düşər.
Silkələmə fələk məni,
Çiynimdəki tabut düşər.
- Yalqız gəzən, axirət gəzib ulayan qurd dedikdə nəyi nəzərdə tutdunuz?
- Sual mənə çox aydındır, amma insanlar üçün çox mürəkkəbdir. “Qalmaz belə, qalmaz dünya” kitabımda
Övladların çıxdı naşı
Qəm yükünü özün daşı.
Axma, anamın göz yaşı,
qalmaz belə, qalmaz dünya
Qurd totemdir. Sürünü ana qurd idarə edir. “Axirət” şeirimdə belə bir bənd var:
Adanın köksündə sevgi çatları
Nə Həvva görünür, nə övladları...
- Öz iç dünyanızı, əsələrinizi təsəvvüf nəhənglərindən hansıyla müzakirə etmək istərdiniz?
- Onların, şübhəsiz, hamsı mənə çox doğmadır. Allah qatında olduğu üçün hamsının səviyyəsi bərabərdir. Onların içində məni ən çox heyrətə gətirənlər 3 nəfərdir: Əl Ərəbi, Şübhəsiz birinci yerdə İmam Həsən Bəsri, İbn Ərəbi və Qəzalidir. Qəzali tərki-dünyalığı dağıtdı. Qəzaliyə qədərki sufilikdə dərvişlər çox tərkidünya idi. O, maddilik içərisindən keçib bu tərkidünyalığı dağıtdı, eynən Cəlaləddin Rumi kimi. Onların içərisində ən böyük mütəfəkkir, şübhəsiz, Cəlaləddin Rumi idi.
Qəzalinin hikmətinə bax: Məkkədə valisi moizə oxuyur: "Bunu mən demişəm, bu mənimdir, bu babamındır və s. peyğəmbər nəslindəndir". Qəzali moizəni dayandırır. Deyir ki, "sənin olan yalnız gəmi qəzaya uğrayanda itirə bilməyəcəyindir".
Yaxud da İmam Həsən Bəsri deyir: “Dostlar bizimlədir, çünki ilahidəndir. Ailə və uşaqlar bu dünyanın dostları bizim rəqiblərimizdir". Rəqib səni Allahdan qoparır. Bəzən səni padşaha əyilməyə möhtac edir. Çünki onu yedirtməli, geyindirməlisən, vəzifəyə yönəltməlisən. Yəni səni mütləq təmizlikdən aparır. Ərəbi isə deyir: “Oğullar ataların sirridir". Allah onu verir, sonra əlindən alır və deyir: "İstədin səni sevindirdim. İndi də əlindən alıram". Səni sınayır, görüm indi halın necə olacaq?
İspaniya 700 il İslam ölkəsi olub. Onun ən parlaq nümayəndəsi Əl Ərəbi idi. Amma sonra oldu başqa bir ölkə. Dünya indi bunu Türkiyənin, bizlərin üstündə qurur. Quran özündə deyir böyük alimlər, nitq sahibləri olacaq, amma Quran olmayacaq. İndi baxaq, bu 4 din kitabı olmasaydı, bəşəriyyəti nə gözləyərdi. İnsanlar bir-birini yeyərdi. İsa peyğəmbəri necə sevməyəsən? Dünyaya sevgi gətirib. Bəşəriyyət üçün yalvarır. Deyir, "bütün cəzaları mənə ver, insanları mənə görə bağışla". İbrahim dünyaya atalıq gətirib. Musa peyğəmbər maddilikdən uzaq, səhralara gəzə-gəzə insanlara dünyanı anladıb. Bəzən mənə də deyirlər sən mətbuatdan uzaq gəzirsən. Bu doğurdan da belədir. Amma bir şey də var: o qədər kataklizmlər oldu ki... Amma Füzuli öldü? Yox, dirildi gəldi. Ona görə deyirlər ki, əlyazmalar yanmır. Sözü yandırmaq olar?!
Mənim bütün düşüncələrimdə Allah Sözdür. Çünki İncil belə başlayır: "Birinci Söz varıydı". Söz Allahla qoşaydı. Söz Allahı, Allah da sözü yaradıb. Mənim də heç kimdən heç bir istəyim yoxdur. Bir yoldur gedirəm. Rahatlıq anlayışı nədir, onu da başa düşmürəm. O adam rahat olar ki, o ölüb. Bir gün bir adam İmam Həsən Bəsriyə giley edir, problemindən danışır. Deyir rahatlıq tapmıram. İmam da belə bir cavab verir: “Dərviş, dünya o qədər narahatdır ki, yerindən hey fırlanır. Bu narahat dünyada nə rahatlıq axtarırsız”.
Gələcəklə bağlı belə bir ifadəm var: "Bugün bizimdi, sabah Allahın". "Gələcək" sözü yoxdur. Ona görə peyğəmbərimiz deyir ki, hər yuxudan duranda ölümü, son gününü düşün. O bildirir ki, ölümdən yazanlar xoşbəxtdirlər, onlar mənim yanımda olacaq. İnsan bunları düşünsə, bu qədər sui-qəsdlər olmaz. Rumi gözəl bənzədir, ilanın kürəyindəki naxışlar göz oxşayır, amma zəhəri çalır. Yer kürəsi də belədir...


































































































