“Xoşbəxtlikdən Niyaməddin Musayev bunu bəyəndi, hətta söz verdi ki...”
Tanınmış müğənni Elnarə Xəlilova Moderator.az-ın suallarını cavablandırıb.
- Elnarə xanım, istərdim söhbətimizə yeni işlərinizdən danışmaqla başlayaq.

- İsveçrənin San-Moritz şəhərində hər il keçirilən Qar Polosu üzrə Dünya Çempionatından təzəcə qayıtmışıq. Artıq 2-ci ildir ki, ard-arda komandamız sonda İsveçrədə, İsveçrə komandasına qalib gəlib, 1-ci yeri əldə edir. Bu çox qürurvericidir və inanılmaz sevincliyəm buna görə. Çünki özüm şəxsən 3 gün ard-arda bütün qazanılan qələbələrin şahidi oldum. Hətta sevincimdən səsim oradakı stadiona yayılmışdı (gülür). Orada “ərinmədik”, idmançılarımıza bir klip də həsr etdik. Sözləri İsmayıl Dadaşov, musiqisi Alxanlıya aid olan “Odlar Yurdu” adlı mahnımıza klip çəkdik. Klip bu günlərdə hazır olacaq.
- Xalq artisti Niyaməddin Musayevlə bir araya gəlmisiniz. İstərdim bu görüşün məqsədindən danışasınız?
- Bizim “El” yaradıcılıq mərkəzi yaranan gündən çətin dönəmlərdən keçdi. Pandemiya dövrünə düşdük. Daha sonra yavaş-yavaş dirçəlməyə başladıq. Respublikamızın görkəmli sənətkarları ilə tələbələrin görüşünü mərkəzimizdə təşkil etmək çoxdankı arzum idi. Odur ki, bir ay bundan öncə ilk olaraq Vaqif Gərayzadəni mərkəzimizə dəvət etdim. Sağ olsun, qırmadı bizi, gəldi tələbələrlə görüşdü. İndi də növbə Niyaməddin Musayevə çatdı. Həm onun “Dünya sənin, dünya mənim” mahnısına bizim “Dərviş” rok qrupu möhtəşəm bir rok-kaver hazırlayıb. Onu dəvət etdik ki, kaveri dinləyib fikir bildirsin. Xoşbəxtlikdən çox bəyəndi. Hətta uşaqlarla duet oxuyacağına da söz verdi. Çox yaxında bütün rəqəmsal platformalarda bu treki eşidəcəksiz.
- Elnarə xanım sənətinə, yoxsa ailəsinə daha çox vaxt ayırır?

- Elnarə Xəlilova hər gün, günün 1-ci yarısı ailəsinə, 2-ci yarısını da gördüyü işlərə həsr edir. Çalışır ki, nə şiş yansın, nə də kabab. Bu onda necə alınırsa, gərək tamaşaçılar qərar versin.
- “Ailəmi sənətimə qurban verdim” deyən xanım sənətçilərə münasibətiniz necədir?
- Mən yalnız özümə cavabdeh ola bilərəm. Hər kəsin seçiminə də hörmətlə yanaşmağa çalışıram. Mənim seçimim göz qabağındadır. Mənə görə 1-ci yerdə mənim ailəmdir, sonra gördüyüm iş. Allah onları mənə çox görməsin. Mənə qalan onlar olacaq.
- Nəyin arzusundasınız? Nəyə hələ də imkanınız və gücünüz çatmır?
- İnsan yaşadığı müddətdə arzuları bitmir, tükənmir. İnsan gərək həyatı ilə vidalaşsın ki, arzuları da bitsin. Arzularım çoxdur, həddindən artıq çox! Övladlarımla bağlı, tələbələrimlə bağlı təbii ki, arzularım var. İnşallah heç biri məni yanıltmaz və etimadlarımı doğruldarlar.
- Həmkarınız Səidə Sultan kişi sənətçilərin plastik əməliyyat etdirib, üzlərinə botoks vurdurmalarını sərt tənqid edib. Sizin bu mövzuya münasibətiniz necədir?
- Məncə səhnədə olan hər bir kəs mədəniyyətin təbliğinə xidmət etməlidir. Əgər səhnədə gözəl və baxımlı görünmək mədəniyyətdirsə niyə də yox?! Qadın və kişi fərq etməməlidir zənnimcə. Çünki incəsənət etika və estetika tələb edir.
- Həsəd apardığınız insanlar kimlərdir?
- Həsəd apardıqlarım hər zaman seçilmiş insanlar-peyğəmbərlərimiz olub.
- İllər əvvəl danışmayıb, daha sonra səhvin sizdə olduğunu bilib, barışdığınız həmkarınız olub?
- Heç bir halda, heç bir həmkarımla küsülü qalmamışam. Çünki konflikt olan yerdə hər iki tərəfdə günah olur. Sadəcə ondan sonra işimi bilmişəm və münasibətimi dəyişmişəm. Bu qədər.


































































































