“Bura jek deyil, teatra əlimdə diplom var deyib gələn adamlar çox yanlış düşünürlər...”

Hazırda oxunan: “Bura jek deyil, teatra əlimdə diplom var deyib gələn adamlar çox yanlış düşünürlər...”

591385
Əməkdar İncəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadə Moderator.az-ın suallarını cavablandırıb.
 
- Mehriban xanım, hazırladığınız tamaşalarda qadın taleyini ön plana çəkirsiniz. Qadınların taleyi sizi niyə bu qədər narahat edir?
- Əvvəla onu deyim ki, mən hazırladığım tamaşalarda qadın və kişi fərqliliyi qoymuram. Mənim üçün əsas ali faktorlu insandır. Mən də insanam və insanın ali faktor olduğunu daim qabartmaq istəyirəm. Bunun qadın və yaxud kişi olmasının heç bir fərqi yoxdur. Əlbəttə ki, bu qadınlarda xüsusi rəngə, vurğuya sahib olur. Bu da nə üçündür? Yaşadığımız cəmiyyətdə, istər siyasi, istər sosial, istər iqtisadi sahədə, bir sözlə istənilən halda qadın faktoru ali faktor olmağından elə bil ki, sanki kölgədə qalır. Halbuki bütün bu sadaladığım sahələrin əsas məğzində qadın dayanırdı. Onun ən böyük dönüş nöqtəsində, ən böyük vurğusunda, bərpasında, inkişafında mütləq qadın faktoru rol oynayır. Mən düşünürəm ki, qadın faktoru ali insan faktorundan da bir pillə yuxarıdadır. Çünki qadın yaradıcıdır. Yaxşı mənada, istər nəsil artımında, istər tərbiyyə anlamında, istər insanın şəxsiyyətinin formalaşmasında, istərsə də onun mövcud olub sülhlə, mənəvi təminatla yaşamasında. Qadın cəmiyyətdə nə qədər güclü bir fiqurdur-bunu anlaya bilməyənlərə bəlkə bir daha altını çizmək istəyimdən yaranır bu məqsəd. Yaxud da bizim vurğulayaraq cəmiyyətdə ətrafımızda olan qadınlara bir başqa gözlə baxmaq istəyimdən yaranır. Amma istənilən halda mənim əsas məqsədim insan faktorudur. İnsan faktorunun içində qadın parlaq görünürsə nə xoş! Mənim bundan əvvəlki tamaşalarımda qadın iştirakçılar yox idi. Nəsiminin yubileyi ilə bağlı İlqar Fəhminin “Mənəm mən” əsərini tamaşaya hazırlayanda orada hamısı kişi idi, qadın obrazı yox idi.  “İsgəndərə yeni namə” tamaşasında da qadın çox əhəmiyyətli amma çox az, əslində bir qadın obrazı var idi. 30-a yaxın isə kişi obrazı var idi. Deməyim odur ki, bu xüsusi düşünülmüş bir şey deyil. Mənim belə bir feminist baxışım yoxdur. Heç istəyim də yoxdur. Düşünürəm ki, mənim qadın olmağımın da bura heç bir aidiyyatı yoxdur. Mən belə başa düşürəm.
 
- Baş rejissoru olduğunuz Gənc Tamaşaçılar Teatrını necə qiymətləndirə bilərsiniz? Ümumi abu-hava, kollektiv və yaradıcılıq baxımından sizi qane etməyən nələrsə varmı?
- Gənc Tamaşaçılar Teatrı 95 yaşını qeyd edir. Kökü artıq az qalır ki, bir əsrə gəlib çatır. Hamımıza bəlli olan çox məşhur adlar, soyadlar bu teatrdan çıxıb. Bu teatrda parlaq aktyor nəsli yetişib. Əsası çox doğru və düzgün fundament üzərində qoyulan teatrdır. Yarandığı gündən ta təşəkkül tapdığı, formalaşdığı, bu günə qədər gəlib çatan dəqiq, doğru hesablanmış sütunlar üzərində duran teatrdır. Teatrın bir çox aktyorları zaman-zaman sonra başqa teatrlara transfer olunub. Rejissura baxımından da çox maraqlı ilklərə imza qoyulan teatrdır. Bu teatr Azərbaycanın digər teatrlarından ən ümdə səbəblə fərqlidir. Bu fərqdə xüsusi yanaşma var. Fərqliliyi onun adı üzərindədir-Gənc Tamaşaçılar Teatrı. Gənclik yaşını 35-ə qədər nəzərə alsaq, ümumiyyətlə formalaşma prossesinə gedən, cəmiyyətdə vətəndaş formalaşdıran və ən məsuliyyətli bir dövrünün teatrı kimi adlandıra bilərik. Burada teatrın əslində birinci missiyasını bilməliyik. Teatrın Azərbaycan coğrafiyasında, burada, bu məmləkətdə insanların kültür səviyyəsinə nə dərəcədə təsir etmək gücünü anlamalıyıq. Ondan sonra biz bu teatra baxmalıyıq. Sonra sərbəst şəkildə insanların teatra gedib-gəlməsi, bu artıq mənəvi zövq məsələsi, mənəviyyat məsələsidir. Bunu formalaşdırmaq, bunu kökləmək, insanları tərbiyə etmək məhz bu teatrın işidir. Əvvəla qısa bir haşiyəyə çıxım. Azərbaycandakı teatrların hamısında çox qaçılmaz, mütləq islah edilməli və istehsalatda tətbiq edilməli əsas məsələ nədir?! Digər repertuarların oğurlanması, təkrarı və hər bir teatrın bütün janrlara, üslublara yanaşmalarından istifadə edərək bir kalanbur, bir eklektik repertuar plan məsələsi var. Mən düşünürəm ki, tutaq ki, Kukla teatrı istisna edilməklə, çünki bu teatrın da missiyası, estetikası, yolu üzərindədir, Kukla Teatrıdır. Digər teatrlar uşaq tamaşalarımı deyim, yaxud daha ibtidadi təhsil dövrümü deyim və məktəb dövrümü deyim, bu dövrləri əhatə edən tamaşaları akademik statusunda olan teatr tamam başqa missiya və estetika ilə işləməlidir. Bu teatrın boynunda dediyim nəslin tərbiyəsi durur və bu ancaq bu teatra məxsus olmalıdır. Məsəl üçün deyirəm, “Tıq-tıq xanım” tamaşasını bütün teatrlar hazırlamalı deyil axı! Yaxud da məktəb dövrü və formalaşma, maariflənmə dövrü ilə hazırlanan bir başqa tamaşaları bütün teatrlar hazırlamalı deyil! Bu hər bir teatrın estetik yanaşması, prinsipi və hədəfi olmalıdır. Bu fokuslanma, hədəflənmə Azərbaycan teatrlarında bir növ çox sərbəst seçimlə, yanaşma ilə həll olunur. Mən bunu doğru hesab etmirəm. Hərhalda bu subyektiv yanaşmadır. Yenidən qayıdaq Gənc Tamaşaçılar Teatrına.. Yenə də deyirəm, bünövrəsi düzgün qoyulan teatrdır. Başqa sahələrdə olduğu kimi Azərbaycan teatrında da getdikcə tükənmələr, bitmələr və nəsil davamiyyətində estafetin bir nəsildən bir nəsilə verilməsində, itirdiyimiz sənətkarlar və onları əvəzləyəcək gələn qüvvələr bərabərliyini itiririk əlbəttə. Çünki yeni gələn nəsil üçün də çox az sayda böyük mənada, altını çizəcəyimiz yaxşı mənada istedadlar var. Bu çox azdır. Həddindən artıq. İtirdiyimiz daha çoxdur. İstedad baxımından gedənlər gələnlərdən çoxdur. Amma say baxımından əksinə! Bu mənada Gənc Tamaşaçılar Teatrı da digər teatrlardan xali deyil, eyni problem bu teatrda da var. Yetərincə böyük kollektivdir. Yaradıcılıq baxımından, repertuar planına tamaşalar siyahısına baxanda çox gözəl, Azərbaycan klassikasını özündə bu teatr qədər ehtiva edən ikinci bir teatr repertuarı yoxdur. Amma bir başqa məsələlər var. Bunu mütləq məktəbəqədər, məktəb yaşında olan uşaqların təqdiminə verilməsində, yanaşma tərzində primitivliyi var. Mən düşünürəm ki, əksinə! Çünki gəncləri sonradan teatra bağlamaq üçün onlara pritimitiv yox, daha parlaq, daha əlvan, daha yaradıcı anlamda, hər dəfə yeni kəşflərlə klassika təqdim edilməlidir və klassika hər dəfə yenidən oxunulmalıdır. Artıq bu köhnə anlamda deyil, daha çox klassik anlamda işlənilməlidir. Bu mənasız forma deyil, artıq avanqard formata keçirilməlidir. Mütləq klassikanın özü yeni dildə oxunulmalıdır. Bu arzuolunan bir istəkdir. Yaradıcılıq baxımından qane etmək məsələsinə gəlincə isə.. Mən düşündüm ki, 80 nəfərlik truppanı tanımaq lazımdır və ondan sonra artıq nəsə fikir söyləmək olar. Mənim bu teatrda ilk tamaşam əslində 70- nəfərə yaxın heyətlə oldu. Ona görə kollektivi mən artıq tanıyıram və bundan sonra onların məşğulluğu ilə bağlı, onların qiymətləndirilməsi ilə bağlı hansısa sözü və fikri söyləyə bilərəm. Bizim ən ciddi məsələlərimizdən biri də odur ki, Abu Turxanın sözünü təkrar edirəm. “şərqdə cəmiyyət insanlar toplusudur, qərbdə insanlar cəmiyyətin hissələridir”. Bizdə insanların toplusu cəmiyyət adlanır deyə bu anlamda kollektiv sayı bu cür yaradıcı heyət kimi adlanır. Amma nəzərə alsaq ki, qərbdə insanlar cəmiyyətin hissələridir, bizdə də indi nəzərə alsaq ki, kollektiv həm də bizim truppanın hissələridir, demək üzərlərinə düşən gücü bərabər daşımalıdırlar. Bu anlamda əlbəttə ki, məsələ bir o qədər də ürəkaçan, qənaətbəxş deyil. Bu tək Gənc Tamaşaçılara yox, bütün teatrlara aiddir. 
 
- Qeyri-professional aktyorla çalışmaq çətindirmi?
- Sualınız konkret olaraq Gənc Tamaşaçılar Teatrı üçün olmasa da, amma hərhalda biz bunu bu gün, bu işə şamil edək. Qeyri-professionallarla iş, onlarla işləmək, onların peşəsində get-getə artan və doğrulan bir mərhələ məsələsidir səhv etmirəmsə. Mən yenə də sevimli filosofum Əbu Turxandan misal çəkəcəm. Çünki onun düşüncəsi mənə həddindən artıq yaxındır. Onun belə bir fikri var-“şərq təfəkkürü təəsüratçılıqla, qərb təfəkkürü isə təfərrüatçılıqla səciyyələnir”. Əbu Turxan belə hesab edir. Bu təəsüratçılıq münasibətdir, hiss-həyəcandır, şərq insanları hisslər və həyəcanlardan xali deyil. Şərq insanı, şərq təfəkkürü mütləq bu həyəcanla yoğrulur. Qərb təfəkküründə isə bu hiss-həyəcanlar yoxdur, onların sakit və soyuq yanaşmaları var. Bu təfərrüat isə əslində qeydlər, notlar və xırda bəndlər anlamında qəbul olunur. Yəni, ən xırda məsələlərin ən böyük məsələlərin hissəcikləri olduğunu qeyd edirlər. Bu barədə Əbu Turxanla çox razıyam. Bizim təfəkkürümüzdə də “bir o qədər də ürəkaçan deyil” deyəndə də fikir verirdinizsə yenə də burada şərq yanaşması var idi. Amma mən qərb yanaşmasını da, qərb təfəkkürünü də bura aid edirəm. Qeyri-professionallarla işləmək necə mümkündür?! Bu mümkün deyil, çünki onların dili, yanaşması, bu sənətdə, bu işdə, bu mərhələdə mənbələri yoxdur. Onları bura gətirən nə sənətdir, nə ağıldır, nə yaradıcı istedaddır, nə də ki, yaxşı mənada fokuslanaraq hansısa bir hədəfə getməkdir! Bunlar yoxdur! Onlar sənətə gəlişlərində artıq mənbələrini itirmiş adamlardır. Qeyri-peşəkarlarla işləmək mümkün deyil. Bunu mən sizə ən son praktikamdan əmin olaraq deyirəm. Ən son praktikam 70 nəfərlik truppa ilə “VXA” tamaşasında işləmək idi. Bu mənə tam aydın oldu. Burada çox gənc, həddindən ziyadə, tamam yeni nəsil saydığımız aktyorların üzərlərində müəyyən iş apararaq, təhsilmi deyim, ilkin təcrübəmi deyim, doğru olmadığından o  yolu tapa bilməmələri, fokuslana bilməməkləri dediyimiz bir mərhələ də var idi. Bunlar çox az, iki nəfər idi. Onlarla mütəmadi və fərqli iş, onları bir az bu səmtə yönəlməyə, dəyişməyə sövq etdi və dəyişə bildik. Amma artıq bərkişmiş, oturuşmuş, 28, 30 yaşını keçmiş adamla, nəzərə alsaq ki, bu adam professional deyil, sadəcə istənilən kommunal təsərrüfatda işləyən adam kimi pensiya yaşını gözləyir, pensiya yaşındadır getmir. Bura jek deyil. Teatra sadəcə əlimdə diplom var deyib işsizəm, vakansiya üçün gələn adamlar çox yalnış düşünürlər. Bu vakansiya aktyor üçündür. Sən birinci aktyor olduğunu sübut etməlisən. Bu sənətdə nəyisə düşünə bilmək bacarığını, ağlını, intelektini ortaya qoymalısan. Bu da bir sınaq prossesindən keçir. Mən düşündüm ki, bunun ən yaxşı yolu elə bu sınaqdan keçəcək. Bu sınaqsa artıq işə qəbul vaxtıdır, işə qəbul olunandan sonra yox! Buna qədər hansısa bir mərhələ keçilməlidir. Qeyri-professionallarla iş insanı əsas işindən kənarlaşdırır və yorur! Bura məktəb deyil, heç universitet də deyil. Artıq universitetə də gələndə biz görürük ki, o aktyor olacaq yoxsa yox?! Və onlar hansısa yollarla, nə bəhanələrlə, hansı həyat hekayələri ilə bitirib gəlirlər və sonra da bax belə, ümumi işlək truppanın işinə mane olurlar. Qeyri-professionallarla iş mümkün deyil. Tam yeni, gənc nəsli yenidən aktyor dərsi kursu keçərək onlarla işləmək olar. Bu da hər rejissorun zülmü bahasına başa gəlir. Ondan sonra birtəhər nəyəsə nail olmaq olar. Amma qeyri-professionallar bu işdə işləməməlidirlər! Diplom önəmli deyil, yararlı, yararsız məsələsi var. Bu yararsızlarla işləmək zamanın kaybıdır! Bu çox sərt yanaşma olsa da, mən düşünürəm ki, burada söhbət tək yaşdan da getmir. Elə yaşlı nəsil var ki, tam yeni nəslin onuna bərabərdir. Və yaxud da elə aktyor var ki, pensiya, təqaüd yaşı çatmayıb, amma yaramır! Bu kriteriyanı necə həll etmək lazımdırsa bilmirəm, bircə onu bilirəm ki, böyük islahatlar lazımdır və bu mütləqdir.
 
- Tamaşalarınızda canlı dekorasiyalar, mexanizmlər görürük. Bütün bunları tamaşanın inandırıcı alınması üçün edirsiniz yoxsa başqa səbəblər var?
 
- Bu konkret olaraq inandırmaq məqsədindən doğan bir iş deyil. Tamaşanın dekorasiyası, ümumiyyətlə rəssamla iş bu çox ciddi mərhələdir. Azərbaycan teatrlarında bir o qədər də bu parlaq, peşə kriteriyalarında tamamən nəzərə alınıb, hesablanmış səviyyədə deyil. Teatr rəssamı əslində tamaşanın açarını rejissora təqdim etməlidir, sənin sifarişini yerinə yetirməli deyil. Dekorasiya əslində tamaşanın obrazını sənə təqdim edir. Vaxt var idi ki, birinci pərdə açılan kimi dekorasiyaya əl çalırdılar. Mən də o fikrin tərəfdarıyam və iş metodumda da bu mütləqdir. Bu rejissorla rəssamın tandemi üzərində qurulmalıdır. Bu ayrı-ayrılıqda rejissor və ayrı-ayrılıqda rəssam işi, rəssam fikri olaraq qala bilməz. Bu mütləq hər iki fikrin toqquşduğu, eyni nöqtəyə fokuslandığı, eyni yanaşmanı tətbiq etmək anlamında və intelektual olaraq bir-birinə yaxın adamların düşüncəsi kimi təqdim olunmalıdır. Əgər söhbət məndən gedirsə, mənim hazırladığım tamaşaların bir tərəfi ya tarixə, ya elmə, ya da maariflənməyə xidmət edəcək mövzu olur. Bu mövzuda da mütləq elmi yanaşma, mütləq görüntüyə və döyünən nəbzə transfer etməlidir. Tarix özü də elm qiyafətinə girəndə yox, özünə oxşayanda həqiqətə daha çox yaxınlaşır. Yeri gəlmişkən bu da Əbu Turxanın fikridir. Tarixin özünə oxşaması üçün biz mütləq o tarixi elm qiyafətindən çıxardaraq, onu işləyən, özünə oxşatmaq üçün çarxın üzərində qurmalıyıq. İndi, bu an, bu dəqiqə dediyimiz zamanı tamaşaçıya yaxınlaşdıraraq, onları həmin o çarxın içinə salmalıyıq. Tarix, zaman çarxının içinə salaraq mütləq orada ona bu hadisələrin inandırıcı olduğunu anlatmalıyıq. Əlbəttə ki, mən də o düşüncədəyəm ki, bizim tamaşalarımızın hər biri tamaşaçının beyninə mesaj ötürməlidir. Məhz bu anlamda mən düşünürəm ki, tamaşanın dekoru ölü dekor olmamalıdır. Mənasız və heç bir işlənməyən dekor olmamalıdır. Bu baxımdan bütün tamaşalarda da məhz bu çarxı yaratmağa meylliyəm və israrlıyam. Düşünürəm ki, tamaşaçını tamaşa başlayan andan, bitən ana qədər o zamana, o təklif olunmuş vəziyyətə salmalıyıq. Bu başqa məsələdir ki, mən onun hiss, həyəcanına toxunub sonra şüuruna toxunuram, və yaxud şüur mesajını verib daha sonra onun hiss-həyəcanı ilə işləyirəm. Bu artıq hər bir rejissorun individual yanaşmasıdır. Bu anlamda mən tamaşaçını bu gün səhnədə, səhnəyə baxan tamaşaçı zalında səhnə ilə arasındakı məsafəni götürməyə səy göstərirəm. Bu da mənim yanaşmalarımın məhz canlılıq prinsipindən, onu həmin dövrə salmaq prinsipimdən, onun həmin məkanın iştirakçısına çevirmək prinsipimdə ən fokuslandığım və hədəfləndiyim metodlardan biridir. Tamaşaçını səhnəyə hədəfləmək, hadisələrə fokuslamaq üçün bir priyomdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin