"Bu müharibə qlobal sarsıntı olaraq köhnə dünya düzəninin nəticəsidir və Avropada son müstəmləkə müharibəsi olacaq..."
"Əgər yalnız rəqəmlərə yönəlsək, təbii ki, fil pələngə qalib gələcək, amma..."
"Həyat riyaziyyat deyil, daha çox kibernetika üstəgəl fəlsəfədir..."
"Müharibədə ideyalar, texnologiyalar və ilahi qəzəb qalib gəlir..."
"Bu pələng, heç şübhəsiz, bu gün də olmasa, sabah fili parçalayacaq..."
"Amma qlobal parçalanma olmayacaq, böyük ölkəni dünya xəritəsindən pozmaq boş fantaziyadır..."
"Mən nikbinəm. Mən inanıram ki, hərbi cinayətkarlar edam ediləcək".
Moderator.az xəbər verir ki, bu barədə hərbi jurnalist Yevgeni Erlix özünün "Facebook" səhifəsində yazıb.
Oxucular üçün maraq doğuracağını nəzərə alaraq, məqalənin tərcüməsini təqdim edirik.
"1. Ukrayna qalib gələcək.
Bunun necə, nə zaman, hansı nəticə ilə, nə qədər ukraynalının həyatı bagasına baş verəcəyi sualları ilə mənə deyil, psixoterapevt Arestoviçə müraciət edin...
2. Rusiya uduzacaq.
Böyük və uzunmüdətli məğlubiyyətə düçar ediləcək. Çünki müharibədə, əlbəttə ki, tankların və təyyarələrin miqdarı, qoşunların sayı, iqtisadiyyatın vəziyyəti və başqa görünən mühüm statistika vacibdir. Əgər yalnız rəqəmlərə yönəlsək, təbii ki, fil pələngə qalib gələcək.
Lakin həyat riyaziyyat deyil, daha çox kibernetika üstəgəl fəlsəfədir. Əgər dünyanı kompüter idarə etsəydi, o zaman Uzaq və Yaxın Şərq Çin və Hindistanı öz aralarında bölüşərdi, Kuba ənənəvi Amerika, Vyetnam isə qeyri-ənənəvi ekzotik kurort olardı. İspaniya Britaniya adaları və Benilüksa sahib olardı, Almaniya isə latınca danışardı, çünki Roma imperiyası dünyanın qədim nəhəng dövləti olaraq əbədi olmalı idi. Mənim sevimli İsrailim isə planetdə ümumiyətlə olmazdı.
Mamontların kökü kəsilib, Rusiya isə uduzacaq. Küləyin əksinə getmək olar, amma bu, uzun çəkməz: yüngüllük baş verəcək, xoşbəxtlik olmayacaq. Müharibədə ideyalar, texnologiyalar və ilahi qəzəb qalib gəlir.
Sovet İttifaqı Almaniyaya qalib gəlib, çünki həqiqətən geriyə yol olmayıb, həyatla ölüm arasında seçim etmək lazım gəlməyib (ukraynalıların bugünkü seçimi kimi), ideya (kommunizm və hamılıqla bərabərlik) milyonları ağuşuna alan ideya və texnika olub (lend-liz sağ olsun).
Bütün bunlardan hibrid Rusiyada heç nə yoxdur! Putin Stalin deyil (Allaha şükür ki, deyil), büsbütün korrupsiya epoxasının Rusiya ordusu yalnız dinc dövrdə yaxşıdır (büdcəni oğurlamaq üçün), "Ukrayna nasizmi ilə mübarizə" yalnız seçilmiş televiziya tamaşaçılarının beyinlərinə yeridilə bilər. Kremlin siyasi texnoloqları yalnız rus xalqının ən kasıb və alçaldılan hissəsi olan səfərbər edilənlərin əli ilə döyüşə bilər.
Sanki rəqibin yüksək mötivasiyalı Avropa ölkəsi olduğunun, özünün ümummilli ideyasına malik olduğunun (azadlıq və müstəqillik), onun əsgərlərinin gerçəkdən ölümə hazır olduğunun, həm də ən müasir texnoloj sillahla vuruşduğunun (lend-liz sağ olsun) fərqində deyil.
Bu pələng, heç şübhəsiz, bu gün də olmasa, sabah piylənmiş fili parçalayacaq...
3. Ukraynanın qələbəsi Putin Rusiyasının məğlubiyyəti olacaq. Amma gələcək Rusiyanın qələbəsi olacaq. Qonşuların istəyindən asılı olmayaraq, heç bir qlobal parçalanma baş verməyəcək. Böyük ölkəni dünya xəritəsindən pozanla pozmaq boş fantaziyalardır. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, postputin ölkəsilə yeni dialoq qurmaq lazım gələcək.
Yeni Rusiya onilliklərlə yenilənəcək. Bəli, reparasiyalar ödəyəcək, bəli, əsl dekommunizasiya, imperiyanın ölümü baş verəcək, bəli, bunlar olacaq...Sonucda Rusiya 21-ci əsrin əyalət ölkəsinə, müəyyən dərəcədə rahat, başlıca milli ideyası vergiləri ödəmək, yaxşı təqaüd və tibbi yardım almaq, yaxşı maşında məzuniyyətə yollanmaq, siyasətçiləri söymək və hər dörd ildən bir onları yenidən seçmək olan ölkəyə çevriləcək.
Hətta rus adamı da "səngərdə olan imperiya" ilə "özünün mikrorayonda üçotaqlı mənzili" arasında aydın seçim etmək imkanına malik olacaq. Amma etiraf etmək lazımdır: ona həyatında heç vaxt heç kim belə seçim təklif etməyib.
Putin Rusiyası uduzacaq. Sadə rusiyalılar, daha dəqiq desək, onların övladları və nəvələri udacaq.
4. Dünya daha yaxşı olacaq. Ümid edirəm ki, bu müharibə Avropada son müstəmləkə müharibəsi olacaq. Qlobal sarsıntı olaraq bu müharibə köhnə dünya düzəninin nəticəsidir.
21-ci əsrdə kağızadan savayı heç nəyi qalmayan Potsdam sazişinin prinsiplərinə söykənmək olmaz. Zaman-zaman evdə və dünyada əsaslı təmizlik aparılmalıdır. Biz isə indiyədək elə evdə yaşayırıq ki, buradakı birgəyaşayış qaydaları 80 il öncə yazılıb. Biz bəzən zamanın bu saralmış vərəqini görməmişik, hadisələri təbii axarına buraxmışıq, bunu ənənə kimi qəbul etmişik...
Ev Nizamnaməmizi nüvə silahından istifadə qaydalarından zibilin çeşidlənməsinədək korrektə etməyin əsl zamanıdır.
Mən nikbinəm. Mən inanıram ki, hərbi cinayətkarlar edam ediləcək, cinayətkar təbliğatçılrar dəmir barmaqlıqlar arxasına salınacaq. Biz yeni dünyanı görəcəyik...
Mənim daha deməyə sözüm yoxdur.
P.S. Yevgeni Erlix Rusiyanın bir çox tanınmış telekanallarında hərbi jurnalist işləyib.
Çeçenistanda, Əfqanıstanda, İraqda və başqa "qaynar nöqtələr"də münaqişələri işıqlandırıb.
2006-cı ildə İsrailə köçüb: "9-cu kanal"ın (İsrail) və "RTVi"nin (ABŞ) xüsusi müxbiri olub.
2014-cü ildən RTVi telekanalının Baltik bürösunun rəhbəri olub.
2016-cı ilin oktyabrından "Nastoyaşşeye vremya" ("İndiki zaman") telekanalında "Baltikyanı" layihənin rəhbəri və aparıcısıdır.


































































































