“İnsan qan əməndə səs duydunmu heç?”

Hazırda oxunan: “İnsan qan əməndə səs duydunmu heç?”

35384

Əziz oxucular! Millətimizin ən gözəl xüsusiyyətlərindən biri şeirə, sənətə xüsusi diqqət verməsidir. Məhz buna görə də tarix boyu xalqımızın bir çox siyasət adamları da fikirlərini seirlə ifadə edib, ümid və arzularını obrazlı şəkildə cəmiyyətə çatdırıblar. Füzulidən, Şah İsmayıl Xətaidən tutmuş Mirzə Ələkbər Sabirə qədər bir çox şairlərimizin əsərlərində ictimai-siyasi motivlər ön planda olub.

Tarixi ənənədən gələn bu xüsusiyyət bu günümüzün şairlərinin yaradıcılığında da geniş yer tutub. Mirzə Sakit, Yetim Eyvaz, Elşən Əzim, Zamiq Zərdabi, adını çəkmədiyimiz bir sıra şairlər bu gün də yalnız məhəbbət və təbiəti vəsf edən şeirlərlə kifayətlənmir, xalqın ağrı və acılarını da dilə gətirirlər. Belə şairlərdən biri də siyasi-analitik məqalələriylə də tanıdığınız Heydər Oğuzdur.

Moderator.az saytı şair-publisistin şeirlərinə məxsusi yer ayırmağa qərar verir. Bu gündən etibarən saytımızda şairin yaradıcılığıyla daha yaxından tanış ola biləcəksiniz. Siftəni onun “Ağcaqanad” şeiriylə açırıq.


Niyə vızıldayıb səs küy salırsan?
Məndən istədiyin bir zərrəcik qan.
Yoxsa qan içməyə izin alırsan?
Belə “nəzakətə” qanım da qurban.

Lütfən, ”icazəsiz” alıb payını
Sonra gözlərimdən it, ağcaqanad!
Göndər ziyafətə digər tayını
Amma vızıltısız get, ağcaqanad!

Yəqin düşünürsən bu mudur vicdan?
Qoluma qonunca səni vururam.
Amma bulaq kimi kim ki içir qan
Önündə əsir tək boyun bururam.

Onlar qan içirlər hər səhər axşam,
Bir zərrə içirsən sənsə gecələr.
Nədənsə mən sənə düşmən olmuşam
Amma qıyıram ki, onlar içələr.

Deyirsən: “icazə almırlar səndən
Qanını əmirlər, duymur ruhun da”
Haqlısan gizlədim mən bunu nədən?
Elə məsələ də bundadır bunda.

İçərək bu yurdun qara qanını
Artığı paylayıb sağa və sola
Onlar artırırlar şöhrət-şanını,
Sənin “tərbiyyən”sə başına bəla.

İnsan qan əməndə səs duydunmu heç?
Elə içirlər ki, hiss etmir adam.
Sən də içəcəksən adam kimi iç,
Rahatça yaşamaq istərsən madam.

Boş yerə halallıq istəmə məndən
Qan sənin xilqətdən halalca ruzin
Artıq vızıldama duraraq gendən
Halal ruzilərə alınmaz izin.

Halal ruzisindən izin alanı
İnsan dünyasında basıb əzərlər
Əsla düşünməzlər körpə balanı
Boynun ələ gəlsə tutub üzərlər.

Dünyanın təməli atılıb belə-
Əslində nə suçun acgözlüyündür,
Nə də ki, vızıltın düşərdi dilə.
Sənin tək günahın acizlyindir.

Lütfən, ”icazəsiz” içib qanımı,
Sonra gözlərimdən it, ağcaqanad!
Qan nədir? Istərsən al da canımı
Amma səssiz gəlib get, ağcaqanad!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin