Uşağınıza heç vaxt deməməli olduğunuz 7 cümlə

Hazırda oxunan: Uşağınıza heç vaxt deməməli olduğunuz 7 cümlə

633144

Uşaqlarla ünsiyyət zamanı xoş niyyətlə deyilən bəzi ifadələr onların emosiyalarına və özləri haqqında təsəvvürlərinə fərqinə varmadan mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, xüsusilə uşaqları müqayisə edən, onları kiçildən və sevgini müəyyən şərtlərlə əlaqələndirən ifadələrdən uzaq durmaq lazımdır.

Bizim.Media xəbər verir ki, bu barədə "Onedio" yazıb.

Uşaqlarla ünsiyyət zamanı istifadə edilən bir neçə söz belə onların özlərini necə qəbul etməsinə təsir göstərə bilər.

Xüsusilə emosiyaları kiçildən, uşaqları bir-biri ilə müqayisə edən və sevgini davranışlarla şərtləndirən ifadələr sağlam ünsiyyəti çətinləşdirə bilər. Mütəxəssislərin fikrincə, valideynlər bəzi cümlələri xoş niyyətlə desələr də, onların uşaq üzərində gözlənilməz təsirləri ola bilər.

Bəs hansı ifadələrdən uzaq durmaq lazımdır?

Uşağınıza deməməli olduğunuz 7 cümlə

1. “Ağlama, böyüklər ağlamaz”

Uşağa ağlamağın və ya kədərlənməyin yanlış olduğunu söyləmək onda emosiyalarını boğmalı olduğu düşüncəsini yarada bilər. Halbuki ağlamaq uşaqların güclü emosiyalarını ifadə etmə üsullarından biridir.

Emosiyanı aradan qaldırmağa çalışmaq əvəzinə, uşağın nə hiss etdiyini anlamasına kömək etmək daha sağlam yanaşma ola bilər. “Kədərləndiyini görürəm, istəsən mənə danışa bilərsən” kimi ifadə uşağın hisslərini qəbul etməklə yanaşı, özünü təhlükəsiz hiss etməsinə də kömək edir.

2. “Qardaşına bax, o heç vaxt belə etmir”

Uşağı qardaşı ilə müqayisə etmək valideynlərin davranışı dəyişdirmək üçün müraciət etdiyi, lakin əks nəticə verə bilən üsullardan biridir.
 

Belə müqayisələr bacı-qardaşlar arasında rəqabəti artıra və uşağın özünü yetərsiz hiss etməsinə səbəb ola bilər. Bunun əvəzinə birbaşa davranışa diqqət yetirmək və uşağa nəyi dəyişməli olduğunu aydın şəkildə izah etmək daha faydalıdır.


Məsələn, “Qardaşın bunu edir, sən niyə bacarmırsan?” demək əvəzinə, “Oyuncaqlarını yığmalısan, bunu birlikdə edə bilərik” söyləmək olar.

3. “Belə etsən, səni sevməyəcəyəm”

Bu ifadə uşağın etdiyi davranışla valideyninin sevgisini bir-biri ilə əlaqələndirməsinə səbəb ola bilər.

Uşağın davranışını tənqid etmək mümkündür, lakin davranışı onun şəxsiyyətindən ayırmaq vacibdir. “Belə davranmağın düzgün deyil” deməklə “Mən səni sevmirəm” demək arasında uşaq üçün böyük fərq var.

Uşaq səhv etdikdə belə valideyninin sevgisinin davam etdiyini bilməlidir. Sərhəd qoymaqla sevgini geri çəkmək eyni şey deyil.

4. “Qorxacaq heç nə yoxdur”

Uşaq qorxduqda böyüklərə çox kiçik və ya mənasız görünən bir vəziyyət onun üçün həqiqətən ciddi ola bilər.
 

“Qorxacaq heç nə yoxdur” demək xoş niyyətli olsa da, uşağın yaşadığı emosiyanın əhəmiyyətsiz olduğunu düşünməsinə səbəb ola bilər. Bunun əvəzinə “Qorxduğunu görürəm, mən sənin yanındayam” demək həm onun hissini qəbul edir, həm də uşağa güvən verir.


Uşağın qorxusunu dərhal aradan qaldırmağa çalışmaq əvəzinə, onun bu hissi anlamasına və zamanla onun öhdəsindən gəlməsinə kömək etmək daha faydalı ola bilər.

5. “Böyüyəndə anlayarsan”

Uşaqlar üçün dünyanı anlamağın ən mühüm yollarından biri sual verməkdir. Davamlı olaraq “Böyüyəndə anlayarsan” cavabını eşitmək uşağın marağını dəstəkləmək əvəzinə, suallarının əhəmərsiz olduğunu düşünməsinə səbəb ola bilər.

Əlbəttə, hər mövzunu uşağın yaşına uyğun izah etmək mümkün olmaya bilər. Lakin sualını tamamilə keçişdirmək əvəzinə, onun başa düşə biləcəyi şəkildə açıqlama vermək marağını və öyrənmək istəyini dəstəkləyir.

6. “Çox dram yaradırsan”

Uşağın yaşadığı emosiyanı “şişirtmə” və ya “dram” adlandırmaq onun öz hisslərini anlamasını çətinləşdirə bilər.
 

Uşağın qəzəbi, kədəri və ya qorxusu böyüklərə həddindən artıq görünsə də, bu, həmin hissin uşaq üçün real olmadığı anlamına gəlmir. Burada əsas məsələ emosiyanı qəbul etməklə davranışı təsdiqləməyi bir-birindən ayırmaqdır.


“Çox şişirdirsən” demək əvəzinə, “Bu vəziyyət səni həqiqətən çox qəzəbləndirib, nə baş verdiyini danışmaq istəyirsən?” demək ünsiyyətə imkan yarada bilər.

7. “Yaxşı uşaqlar belə etməz”

“Yaxşı uşaq” və “pis uşaq” kimi ifadələr uşağın etdiyi davranışla öz şəxsiyyətini bir-birinə qarışdırmasına səbəb ola bilər.

Uşaq səhv etdikdə “Mən pis uşaqam” qənaətinə gəlmək əvəzinə, etdiyi davranışın yanlış olduğunu və onu necə düzəldə biləcəyini öyrənməlidir.

Buna görə də “Sən pis uşaqsan” və ya “Yaxşı uşaqlar bunu etməz” deməkdənsə, “Etdiyin davranış düzgün deyildi, bunu necə düzəldə bilərik?” demək daha sağlam yanaşmadır. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin