İsveçrə Alplarında imkanlı müştərilərin qiymətli əşyalarını saxlamaq üçün yeraltı anbar kompleksi tikilir.
Bizim.Media xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
"Brünig Mega Safe AG" şirkətinin layihəsi Bryuniq dağ massivində, 100 metrdən çox dərinlikdə həyata keçirilir. Anbarlarda qızıl, nağd pul, incəsənət əsərləri və baha qiymətli avtomobillərin saxlanılması planlaşdırılır. Müştərilərə müxtəlif təhlükələrdən mühafizə və maksimum məxfilik vəd edilir.
Tikintisinə 2026-cı ilin yanvarında başlanılan kompleksdə ilk anbarların 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə kompleksdə 20-25 xüsusi otağın yaradılması planlaşdırılır. Bir otağın 99 illik icarə haqqı 1 milyon avroya çata bilər və artıq ilk müştərilərlə müqavilələr bağlanılıb.
Kompleksin daxilinə yalnız bir neçə səviyyəli təhlükəsizlik nəzarətindən keçdikdən sonra daxil olmaq mümkün olacaq.
"Bild" nəşrinin qeyd etdiyinə görə, narkotik və partlayıcı maddələr istisna olmaqla, burada demək olar ki, hər növ qiymətli əşyanı saxlamağa icazə verilir.
Bizim.Media





































































































