Tanınmış siyasi analitik Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.
Xatırladaq ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. İxtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.
O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”–“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor və əsas siyasi şərhçilərdən biri kimi fəaliyyət göstərib.
Nurani Qasımova uzun illər beynəlxalq münasibətlər, Rusiya, Cənubi Qafqaz, Yaxın Şərq və digər geosiyasi proseslərə dair analitik yazıları ilə Azərbaycanın tanınmış siyasi yazarlarından biri olub. Onun dərin təhlilləri, peşəkar yanaşması və prinsipial mövqeyi həm media cameəsində, həm də oxucular arasında böyük hörmət qazandırıb.
Nurani Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Nurani Qasımova Azərbaycan jurnalistikasında dərin iz qoymuş tanınmış qələm sahibləri – Fazil Qasımov və Dilbər Axundzadənin qızı idi.
Bizim.Media





































































































